AFFA-nın aparıcı mütəxəssisi qurumda maliyyə fırıldağını təsdiqlədi

AFFA-nın aparıcı mütəxəssisi qurumda maliyyə fırıldağını təsdiqlədi
Futbol, Eksklüziv
04 Aprel 2021 - 10:35

“RAMİN MUSAYEV RÜŞVƏTXORLARA QARŞI MÜBARİZƏ APARIRDI, ELXAN MƏMMƏDOVSA ONLARA İŞ VERİB”


Supersport.Az-a eksklüziv müsahibəsində AFFA-nın aparıcı mütəxəssisi Şahin Cəfərov qurumda maliyyə fırıldağı olduğunu təsdiq edib.

59 yaşlı, ömrünün 46 ilini futbola həsr edən veteran oyunçu, qaranlıq məqamlara aydınlıq gətirib.

- Şahin bəy, AFFA-nın Hakimlər Komitəsi tərəfindən maliyyə yeyintisi barədə bizə məlumatlar daxil olub və sizin pozuntunu aşkara çıxardığınız bildirilib. Bu barədə nə deyə bilərsiniz?

- Saytınızda dərc olunan məlumatı oxumuşam. Mən bilmirəm bu xəbərləri sizə kim çatdırıb. Ancaq onu deyə bilərəm ki, yazdıqlarınız doğrudur. AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikdə tərtib olunan qonorar cədvəlinin olub-olmamasını dəqiq bilmirəm. Lakin Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilovda olduğu dəqiqdir. Bunu işçi qrupunun iclasında qurumun Maliyyə və Mühasibatlıq Departamentinin rəhbəri Xalid Cavadov da etiraf edib. Ancaq o, bunu təkzib edirdi və hətta bu barədə baş katib, icraçı vitse-prezident Elxan Məmmədova yalan söyləyirdi. Düzü, mən onu başa düşə bilmirəm niyə belə edib? Nə üçün maliyyə pozuntusunu gizlədib? Cavid, Elxan Məmmədovun kadrıdır və rəhbərini aldadır. Sual olunur niyə? Bunun altında nə gizlənir? Marağı nədir? AFFA Azərbaycan dövlətinin pulu ilə maliyyələşir. Niyə dövlətin vəsaiti mənimsənilməlidir? Nəzərinizə çatdırım ki, Mikayıl Nərimanoğlu da Elxan Məmmədovun kadrı idi. O, "Kəpəz" klubunda hansı işlərlə məşğul olurdu? Bu, ictimaiyyətə yaxşı məlumdur.

- Qurumda maliyyə fırıldağını müəyyən etdiyiniz üçün təzyiqlə üzləşmisinizmi? 

- Mən bunu edərkən özümü yox, dövlətin marağını fikirləşmişəm. Bilirdim ki, mənə qarşı antitəbliğat başlayacaq və təzyiqlər olacaq. Belə də oldu. Hakim-inspektorların nəzəri bilik imtahanında maksimum nəticə göstərməklə sınaqdan uğurla keçsəm də, oyunlara təyinat almadım. Halbuki, keçən ilin mart ayında keçirilməyən oyunlara görə futzal hakimlərinə və hakim-inspektorlarına qonorardan əlavə qanunsuz olaraq pulların təyin olunması avqust ayında keçirilən işçi qrupunun iclasında öz əksini tapmışdı. Bir sualıma Xalid Cavadovdan cavab almaqla maliyyə pozuntusunun olduğu aydın oldu. Sual yaranır ki, bəs niyə mən oyunlara təyinat almamışam? Kimlərin maliyyə fırıldaqlarının üstü açıla bilər? Belə əsaslandırdılar ki, hələ araşdırma gedir. Halbuki 10-15 dəqiqəyə bu məsələylə bağlı sənədlərə baxıb qəti qərar vermək olardı. Bu, kimlərsə tərəfindən, başda Fritz Stuxlik (Fritz Stuchlik) olmaqla Hakimlər Komitəsindən mənə qarşı olan haqsızlıqdır. Frits Ştuxlik komitəyə rəhbər gətiriləndən sonra maliyyə pozuntusu ilə bağlı hallar dəfələrlə baş verib və heç kim bunun qarşısını almaq istəməyib. Bunlar hamısı üzə çıxacaq. İndi də xarici vətəndaş Azərbaycan Respublikasında mənim haqqımı yeyir. Elxan Məmmədov özü bunu ötən il oktyabr ayında keçirilən təkbətək görüşümüzdə etiraf etmişdi. Mən belə başa düşürəm ki, AFFA rəhbərliyinin şəxsi istəkləri dövlətin marağından üstündür. Ancaq belə olmamalıdır. Hər birimiz öz marağımızı fikirləşsək, ölkəmiz ağır duruma düşər. Dövləti fikirləşib, onun maraqlarını üstün tutsaq hər birimizin rifahı yaxşılaşacaq və güclənəcəyik.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və xalqını, dövlətini sevən iş adamları ilə bərabər sadə vətəndaşlar yardım etdilər. Ancaq bu zaman AFFA-nın xəzinəsindən küllü miqdarda vəsait kimlərinsə cibinə getdi. Kimlər cavab verəcək belə hallara görə?

Bir məqamı da bildirim ki, Ramin Musayev hakimlərə kuratorluq edərkən rüşvətxorlara qarşı ciddi mübarizə aparırdı. İndi isə AFFA-da korrupsionerlərə yaşıl işıq yandırılıb və onlar da istədiklərini həyata keçirirlər. Ramin Musayevin vaxtında komitədə belə halların baş verməsini ağlımıza gətirə bilməzdik.

- Veteran futbolçu olaraq Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevə müraciət etmisiniz?

- Bəli. Oqtay Abdullayevə yazılı surətdə müraciət etmişəm. Onunla qarşılıqlı hörmətimiz var və onu qınamıram. Mən hər şeyi yaxşı bilirəm. Kimlərə və hara nə vaxt müraciət etməyi də. Veteran futbolçu Nazim Süleymanovun qurmaq istədiyi Həmkarlar İttifaqının əsas məqsədlərindən biri mənim kimi veteranların və mütəxəssislərin hüququnu qorumaq idi. Ancaq bəzi şəxslər ona qarşı da antitəbliğat apardı.

Anar Cəfərsoy

Digər xəbərlər