Qara Qarayev çətin durumda

Qara Qarayev çətin durumda
Futbol
22 Mart 2021 - 18:30
“Martın 18-də axşam məşqinin əvvəlində arxa əzələmdə ağrı hiss etdim. Buna görə məşqi başa vura bilmədim”.

Supersport.Az xəbər verir ki, bunu DÇ-2022-nin seçmə mərhələsindəki ilk oyunlarına hazırlaşan Azərbaycan millisinin heyətindən kənarlaşdırılan yarımmüdafiəçi Qara Qarayev deyib.

“Qarabağ”ın rəsmi saytına açıqlama verən təcrübəli futbolçu zədə səbəbindən yığmanın düşərgəsini tərk etdiyini söyləyib: “Müayinədən sonra bəlli oldu ki, sağ ayağımda əzələni saran pərdə qatında ikinci dərəcəli yırtıq əmələ gəlib. Milli komandanın həkimi ilə məsləhətləşdik, iki gün sonra təkrar MRT (Maqnit Rezonans Tomoqrafiya) elədik. Millinin həkimi də təkrar müayinədən sonra Serbiya ilə oyun gününə - martın 30-dək məşqlərə qatılmağımın mümkünsüz olduğunu söylədi. Millimizin baş məşqçisi Canni de Byazi ilə görüşdə o, mənə Bakıda qalmağımı və müalicə almağımı məsləhət gördü”.

Qarayev yığmadan kənarda qaldığı üçün təəssüfləndiyini vurğulayıb: “Yığmaya dəvət alandan bəri ilk dəfədir ki, ayrı düşürəm. Milli komanda hər birimizin arzusudur. Yığmanın formasını hər zaman şərəflə geyinmişəm, canla-başla millidə oynamağa çalışmışıq. Hazırda komanda yoldaşlarımdan ayrı düşmüşəm və bu durum mənim üçün çox çətindir. Təəssüf ki, idmançı karyerası belədir və bəzən gözlənilməz zədələr baş verir. Yığmamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu martın 24-də Turində Portuqaliyaya qarşı keçirəcək.

Digər xəbərlər