“Şuşa-Qarabağ”a dəstək labüddür

“Şuşa-Qarabağ”a dəstək labüddür
Futbol, Eksklüziv
13 Yanvar 2021 - 09:00
ELXAN MƏMMƏDOVLA RAMİN MUSAYEV SÖZ VERDİ

Qarabağı ordumuzun erməni işğalından azad etməsi idman ictimaiyyətində də canlanmanı sürətləndirib. Bu bölgənin idman sahəsində də təmsil olunması mühüm əhəmiyyət kəsb edir.

“Şuşa-Qarabağ”ın yenidən fəaliyyətə başlayacağından xəbər tutanlar komandanın şərəfini qorumaq üçün hərəkətə keçib. Şuşa təmsilçisinə futbolçu axını başlayıb.

Supersport.Az-a daxil olan məlumata görə, 100-ə yaxın futbolçu komandanın heyətinə düşüb uğurlu nəticələr qazanmaq üçün hazır olduğunu bildirib.

“Şuşa-Qarabağ”ın prezidenti, baş məşqçisi Nadir Qasımov klubun formalaşdırılması istiqamətində maddi dəstəyin vacibliyini diqqətə çatdırıb.

Təcrübəli mütəxəssis, Şuşa futbolunun yüksək səviyyədə inkişaf etdirilməsi planı olduğunu qeyd edib. O, bir daha vurğulayıb ki, komandanın əsas məqsədi gələcəkdə əvvəlcə premyer liqaya, ardından Avrokubok yarışına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir. Mütəxəssis Şuşada Futbol Akademiyası qurmağı, 4 yaş qrupunda futbolçuları hazırlayaraq milli komandalara vermək istədiklərini söyləyib.

“Allahın köməyilə Şuşa şəhər stadionunun tikilib istifadə veriləcəyi müddət ərzində komandamızı yüksək səviyyədə qurmalıyıq. Artıq indidən fəaliyyətə başlamışıq. Vaxt itirmək olmaz. Peşəkar klub üçün maddi dəstəklə yanaşı, heyətin seçilib komplektləşdirilməsi vacibdir. Şuşamızın təmsilçisinə hər gün çox sayda zəng edən futbolçular, belə komandanın formasını geyməkdən fəxr duyacaqlarını bildiriblər. Çox istərdik ki, yeni mövsümdə birinci divizionda mübarizəyə başlayıb premyer liqaya vəsiqə qazanaq. Elitanın ev oyunlarını hazır olacaq Şuşa şəhər stadionunda keçirsək, möhtəşəm hisslər yaşayacağıq. Qubadan olmağıma baxmayaraq, mən də Qarabağ üçün son nəfəsimə kimi bütün varlığımı sərf etməyə hazıram. Vətən naminə hər zaman çalışmaq qürurvericidir”.

“Şuşa-Qarabağ”ın rəhbəri, Azərbaycan, Türkiyə, İrandakı imkanlı həmvətənlərimizin komandaya kömək etməsi üçün çalışdıqlarını deyib.

AFFA əvvəllər Şuşa təmsilçisinin birinci divizionda mübarizə aparmasında rol oynayıb.

Ölkəmiz üçün mühüm olan “Şuşa-Qarabağ”ın da yenidən dircəldilməsinə ehtiyac var.

AFFA-nın icraçı vitse-prezidenti, baş katibi Elxan Məmmədovun Şuşa klubunun fəaliyyətini bərpa etməsinə müsbət yanaşdığı haqda məlumat almışıq.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də “Şuşa-Qarabağ”ın yenidən yarışlarda mübarizə aparmasına dəstəyə söz verdiyi bildirilib.

Qarabağ təmsilçilərinə həmişə xüsusi diqqət göstərən PFL rəhbəri, hətta Şuşa komandasını Premyer Liqada görmək istəyir.


Azərbaycan rəhbərliyinin Qarabağ bölgəsinə də böyük önəm verdiyini nəzərə alaraq, Şuşanın icra başçısı, AFFA-nın digər rəsmiləri də, “Şuşa-Qarabağ”a dəstəklərini nümayiş etdirməlidirlər.


Gələcəkdə Şuşa komandasının da Avrokuboklarda iştirakı dünyaya mesaj, düşmənlərimizə ağır zərbə olacaq.


Yanvarın sonlarında AFFA-nın növbəti konfransı təşkil olunacaq. Qurumun İcraiyyə Komitəsinin toplantısında “Şuşa-Qarabağ”a da maddi yardım edilməsinə qərar verilməsi labüddür.


Şuşanın da Azərbaycan üçün nə qədər qiymətli olduğu hamıya bəllidir...


Anar Cəfərsoy

Digər xəbərlər