Mütəxəssisdən AFFA-ya ismarıc: "Belə davam edə bilməz, barışmayacağam"

Mütəxəssisdən AFFA-ya ismarıc: "Belə davam edə bilməz, barışmayacağam"
Futbol, Eksklüziv
06 Yanvar 2021 - 10:00

"MƏNİ KİMSƏ LƏKƏLƏYƏ BİLMƏZ"


Supersport.Az-a açıqlamasında futbol mütəxəssisi, hakim-inspektor Şahin Cəfərov fikirlərini bölüşüb.


O, AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin fəaliyyətini mübət qiymətləndirib.


"Komitə rəhbərinin işini normal hesab edirəm. Avstriyalı mütəxəssis yaxşı çalışır, pis deyil. O, UEFA-nın qərarlarına əsasən, komitəni yenidən qurdu, departament formalaşdırdı. Təhsil, hakimlər, inspektor sahəsini inkişaf etdirdi. Buna görə sağ olsun".


Ş.Cəfərov bildirib ki, qurumdan kənarlaşdırılmayıb:


"Məni heç kim AFFA-dan kənarlaşdırmayıb, hazırda qurumdayam, uzaqlaşmamışam. Çıxarılmağımla bağlı yayılan xəbər düzgün deyil. Əsassız məlumatla həm mənim, həm baş katib Elxan Məmmədov, həm də Fritsin ətrafında mənfi fikir yaradılıb. Bununla Fritslə Elxan müəllimə böhtan atılıb. Həm mütəxəssis, həm də veteran futbolçu olaraq uzun müddətdir AFFA-da fəaliyyətimi davam etdirirəm, sənədim də var. Mən hər zaman işimə peşəkar yanaşmışam, ciddi çalışmışam, əlimdən gələni etmişəm ki, fəaliyyətim ideal olsun".


Mütəxəssisin sözlərinə görə, onu heç kim ləkələyə bilməz:


"Pis niyyətli olaraq kimsə mətbuata doğru olmayan xəbər ötürüb. Kimsə desin ki, mən kiminsə işinə mane olmuşam, müdaxilə etmişəm. Həmişə kiməsə kömək etməyə çalışmışam. Kimlərsə böhtan atmaq, kimisə ləkələməyə çalışmaqla şərəfsiz olduqlarını göstərirlər. Belələrini futbolumuzdan qovmaq lazımdır.


Mənim üstümə heç kim qara ləkə yaxa bilməz. Allaha şükür, uzun illərdir futboldayam, AFFA mənim ikinci evimdir. 1975-ci ildən futboldayam. Kimsə deyə bilməz ki, Şahin Cəfərov insan, mütəxəssis, həmkar, yoldaş kimi pisdir. Allaha şükür, futbol ictimaiyyəti məni yaxşı tanıyır.


Mənim fəaliyyətimlə bağlı AFFA nümayəndələrindən, mütəxəssislərdən soruşa bilərsiniz".


46 ildir futbol sahəsində çalışan Ş.Cəfərov, "Bu mövsüm oyunlara hakim-inspektor olaraq niyə təyinat almırsınız” sualını cavablandırıb:


"Oyunlara təyinat almamağımla əlaqədar AFFA rəhbərliyinin, Hakim-İnspektorlar Komitəsinin sədrinin günahı yoxdur.


AFFA Hakim-İnspektorlar Komitəsi ötən ilin 24 sentyabrında iclas keçirərək, mənə oyunlara təyinat verilməməsinə qərar verib. Bu haqda geniş danışmayacağam. Bununla əlaqədar qərarı qəbul edən komitə açıqlama, cavab verməlidir. Komitə təkcə Fritsdən ibarət deyil. Qurum üzvləri Vüsal Əliyev, Anar Salmanov, Elçin Məmmədov, Ömər Paşayev və Frits Ştuxlikdir. Bu 5 şəxsin qəbul etdiyi qərarın səbəbini açıqlaya bilmərəm. Qərar mənə təqdim olunub. Mən hələ ki, gözləmə mövqeyindəyəm, ancaq bu qərarla barışmayacağam, belə davam edə bilməz. Görüm, bunun sonu necə olacaq. Mən hakim-inspektor kimi fəaliyyət göstərmək üçün imtahandan uğurla keçmişəm. Allahın köməyilə yaxşı olar. İnanıram ki, mənə oyunlara təyinat veriləcək.


Mənim qarşılaşmalara getməməyim bir az xeyrimə oldu. Bəzilərinin necə insan olduğu üzə çıxdı".

Digər xəbərlər