Şuşa futbolunu dirçəltmək planı

Şuşa futbolunu dirçəltmək planı
Futbol, Eksklüziv
28 Dekabr 2020 - 13:00

Nadir Qasımov: “Şuşa”mızın dünyaya səs salması üçün gecə-gündüz çalışmalıyıq”



Azərbaycan ordusunun Qarabağı erməni terrorçularından təmizləyərək zəfər qazanmasını xalqımız möhtəşəm qarşıladı. Hərbçilərimizin 44 gün müddətində düşməni məhv etməsi tarixə yazıldı.


Şuşanın da işğalçılardan azad olunması idman ictimaiyyətini də ayağa qaldırıb. Mütəxəssislər, əksər futbolçular “Şuşa” komandasının dirçəlməsi üçün hərəkətə keçib.


AFFA-nın maddi dəstəyilə bir neçə il əvvəl birinci divizionda mübarizə aparan Şuşa klubunun yenidən fəaliyyətə başlaması istiqamətində addımlar atılır.


Azərbaycanın əməkdar məşqçisi, Şuşa komandasının təsisçisi, keçmiş baş məşqçisi Nadir Qasımov Supersport.Az-a açıqlamasında əvvəlcə ordumuzun qələbəsi haqda danışıb:


“Qarabağda qələbələrimizə görə sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizin məkanını cənnət eləsin, qazilərimizə şəfa versin, ordumuzu qorusun, hər zaman qalib etsin. Hərbçilərimizlə fəxr edirik. Prezident, Ali Baş Komandan İlham Əliyevin də fəaliyyətini xüsusi qeyd etməliyəm. Mən də özümü əsgər hesab edirəm. “Şuşa” Futbol Klubunun yenidən fəaliyyətə başlaması naminə böyük qururla hərəkətə keçmişik. Bir məqamı xatırladım ki, əvvəlcə komandamıza 5 il müddətində AFFA maddi kömək etmişdi, birinci divizionda yüksək yerlər uğrunda mübarizə apardıq. Təəssüf ki, sonradan “Şuşa Qarabağ” baxımsızlıqdan, qurum dəstəyi dayandırdığından klub dağıldı”.


Mütəxəssis saytımıza bildirib ki, zəfər müddətinin 44 gün olması şərəfinə komandanın adı “Şuşa-44” olacaq.


“Hər birimizin üzərinə böyük məsuliyyət düşür. “Şuşa” klubu hamımızındır, bu komandanın dirçəlməsi üçün bütün varlığımızı sərf etməliyik. Necə ki, qəhrəman əsgərlərimiz torpaqlarımızın azadlığı yolunda canlarından, qanlarından keçdilər. Qələbəmizin 44 gün müddətində qazanılması şərəfinə komandanın adının “Şuşa-44” olmasının mühüm olduğunu düşünürəm”.


Gənclər və İdman Nazirliyinin Şuşada stadion tikiləcəyini elan etməsi məqamına düşdü.


Şuşa təmsilçisinin rəhbəri hesab edir ki, indiki halda AFFA-yla yanaşı, iş adamları komandanın dirçəlməsi istiqamətində hərtərəfli dəstək verməlidirlər.


Mütəxəssis, ölkəmizin tarixi məkanlarından birinin adını daşıyacaq komandanın şərəfini qorumaq üçün 40-a yaxın futbolçunun hazır olduğunu bəyan edib.


“Şuşa üçün bütün gücümüzü səfərbər etməliyik. Xoşməramlı misiyamızdan xəbər tutan futbolçular bu komandada oynamağa hazır olduqlarını bildiriblər. Çox istərdik ki, peşəkar klub quraq. Bunun üçün həm maddi, həm də mənəvi dəstək vacibdir. Şuşa komandasyla bağlı böyük planımız var. İlk olaraq, yeni mövsümdə birinci divizionda çıxış edərək, premyer liqaya vəsiqə qazanmaq istəyirik. Gələcəkdə məqsədimiz “Şuşa”mızın Avropa yarışlarında iştirakını təmin, həmçinin ölkəmizi layiqincə təmsil etməkdir ki, bununla biz də düşmənlərə dərs verərik. Komandamızın dünyaya səs salması üçün gecə-gündüz çalışmalıyıq. İnanıram ki, xalqımızın köməyilə istəyimizə çatarıq. Şuşada stadion 1 il müddətinə inşa edilə və komandamız ev oyunlarını doğma arenasında keçirə bilər”.

Digər xəbərlər