Azərbaycan futbolunun ən yaralı yerlərindən biri – hücumçu problemi.
Beynəlxalq yarışlarda istər klublarımız, istərsə də milli komanda səviyyəsində bu çatışmazlıq aydın şəkildə özünü göstərir. Görün futbolumuz necə faciəli gündədir ki, premyer liqamızın bombardirləri mövsüm ərzində 7 qol vura bilirlər. Mütəxəssislər, media hücum mövqeyində problemləri dəfələrlə qabartsalar da, çatışmazlıq olduğu kimi qalır.
Vaxtilə milli çempionatımızın bombardirləri mövsüm ərzində 34, 35, 36, 39 qol vurduğu halda, ötən sezon bu rəqəm 7 olub. Əslində bu fakt onu göstərir ki, futbolumuzda hücum xətti nə dərəcədə acınacaqlı vəziyyətdədir.
Azərbaycanda forvard olaraq seçilənlər sırasında Zaur Ramazanov da vaxtilə diqqət mərkəzində olub. Maraqlıdır ki, sabiq hücumçu, nəinki ölkəmizdə, hətta dünya futbolunda nəzərə çarpıb. 2007-ci ildə azərbaycanlı forvard, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi 30 bombardirin siyahısına düşüb.
Sabiq hücumçu sürəti, çevikliyi, cəldliyi, texnikasıyla yanaşı, qol vurmaq bacarığıyla seçilib.
“Karvan”, “Xəzər Lənkəran”, “Qarabağ”ın uğurları üçün çalışan forvard, üçqat ölkə kubokunun qalibi, çempion, milli komandanın üzvü olub, iki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib. Bundan başqa, 2008-ci ildə Lənkəran klubuyla “Birlik Kuboku”nu qazanıb. Hücumçu milli çempionatın iki dəfə bombardiri (“Karvan”, 2004-2005, 26 oyun, 21 qol, “Xəzər Lənkəran”, 2006-2007, 24 oyun, 20 qol) olmağı da bacarıb.
Dünya futbolunun bombardirlər sırasına seçilməyi bacaran Zaur Ramazanov, hətta “Birlik Kuboku”nun finalında “Xəzər Lənkəran”ın “Paxtakor”la qarşılaşmasında möhtəşəm qoluyla FİFA-nın keçmiş prezidenti Yozef Blatter, UEFA-nın sabiq rəhbəri Mişel Platininin alqışını qazanıb.
Lənkəran klubunun heyətində Çempionlar Liqasında Zaqreb “Dinamo”sunun qapısına yol tapmasıyla azərbaycanlı forvard, Xorvatiya mətbuatında komandasının, öz ünvanına təriflər yazdırıb.
Ramazanov vaxtilə Türkiyə Superliqası təmsilçisi “Bursaspor”dan təklif alsa da, “Xəzər Lənkəran”a böyük sevgisi olduğunu bildirərək, doğma komandasında qalmağa üstünlük verib.
Dünya futbolunda vaxtilə bombardirlər sırasına düşmüş forvard, səviyyəli hücumçu yetişdirmək üçün mühüm məsləhətlər verib.
44 yaşlı veteran oyunçu hesab edir ki, bu işdə həm məşqçilər, həm də futbolçulardan çox şey asılıdır.
“Mən futbola məhəllədən gəlmişəm. Bir müddət futzalda oynamışam. Hansı ki, burada oyunların tempi yüksək səviyyədə olur. Futbolçular futzalda sürət, cəldlik, çeviklik, texnikasıyla seçilirlər. Bundan sonra böyük futbola keçdim” deyən sabiq hücumçunun fikrincə, mütəxəssislər də əsas silahlarla xüsusi çalışmalıdırlar:
“Çox təəssüf ki, futbolumuzda klub, milli komanda səviyyəsində hücum xəttində problemlər olduğu aşkar görünür. Çempionatımızın bombardirlərinin mövsüm ərzində çox az qol vurması hamımıza məlumdur. Bu çatışmazlığı aradan qaldırmaq üçün mütəxəssislərlə birgə forvardların da üzərinə böyük iş düşür.
Əvvəllər təcrübəli hücumçu olanlardan faydalanmaq çox yaxşı olardı. Hesab edirəm ki, onlar indiki forvardlara qol vurmağın sirlərini yüksək səviyyədə öyrədə bilərlər. Hücumçularımızın yetişdirilməsi üçün əlimdən gələni etməyə hazıram. Məhəllə futboluna xüsusi diqqət yetirilməlidir. Mən buradan gəlmişəm. İstedadlı oyunçuların aşkara çıxarılması, onların gələcəkdə parlaması, futbolumuza faydalı olması istiqamətində sistemli iş aparılmalıdır. Futbolçulara bombardirlik keyfiyyətini aşılamaq üçün yüksək məşqlə yanaşı, müdafiəçiləri keçməyin, həmçinin qol vurmağın yolları göstərilməlidir”.
Dünya futbolunun bombardirlərindən olmuş forvard, hücumçularda bir sıra mühüm keyfiyyətlərin olmasının vacibliyini də qabardıb:
“Hücumçular komandayla hazırlıqdan savayı, fərdi də çalışmalıdırlar. Xüsusilə sürət, cəldlik, çeviklik, texnikalı oyun səviyyəsi artırılmalıdır. Belə forvardların qarşısını kəsməkdə müdafiəçilər çətinliklə üzləşirlər.
Hücumçular məşq zamanı qapıya çox sayda zərbələr vurmalıdırlar. Topla yüksək səviyyədə davranmaq, mövqe seçimi, soyuqqanlı olmaq, qol vurmaq bacarığı da forvardların əsas xüsusiyyətlərindəndir. Müasir futbolda effektli ötürmələr də çox vacibdir”.
Anar Cəfərsoy