Tərlan Əhmədov: "Millimiz şansını itirib"

Tərlan Əhmədov: "Millimiz şansını itirib"
Futbol
13 Noyabr 2020 - 22:03
Supersport.Az-a açıqlamasında "Neftçi"nin, "Keşlə"nin keçmiş baş məşqçisi Tərlan Əhmədov milli komandayla bağlı danışıb.

Mütəxəssis, "İtaliyalı baş məşqçi Canni De Byazili yığmamızın çıxışını bəyənirsinizmi" sualına cavab verib:

"Bəyənmək deyəndə... Hələ ki, millinin nəticəsi yoxdur. Bir oyun yaxşı ola bilər. Bununla nəsə demək olmaz. Milliyə yeni, gənc futbolçular cəlb olunur, etimad göstərilir, şans verilir. Ancaq nəticə istəmiriksə, oynamırıqsa, mənim üçün nəsə demək çətindir. Azərbaycanın Sloveniya ilə yoxlama oyununu kənara qoyuram. Birinci, ikinci hissədə fərqli heyətlər oynadı. Monteneqro, Lüksemburqla rəsmi qarşılaşmalar Azərbaycan yığmasının vəziyyətini göstərəcək. Demək olar ki, şansımızı itirmişik. Nəzəri cəhətdən hesablamalar var. Praktiki baxımdan isə şans yoxdur. Qrupda birinci yeri tutub növbəti mərhələyə vəsiqə qazanmaq çox çətindir. Əcnəbi məşqçinin qarşısına nəticə vermək qoyulmalıdır. Yerli mütəxəssis gətirilsə də, o da yeni futbolçu dəvət edəcək. Hamımız milli komandamızın yüksək nəticə qazanmasını istəyirik, qalib gələndə sevinirik. Arzu edirik ki, yığmamız üçün yarışlar uğurlu olsun. Millətlər Liqasının püşkündən sonra hamımız deyirdik ki, rəqibləri məğlub etmək mümkündür, mərhələni adlamaq şansı çoxdur. Futbol ictimaiyyəti, fanatlar da belə fikirdə idi. Bu rəqiblər keçilməliydi. Qurban Qurbanov, Yurçeviçin vaxtında millidə oyun, təcrübə hiss olunurdu. Futbolda görünən, görünməyən tərəf olur. Görünən o idi ki, rəqiblər münasibiydi, qrup səddini keçməliydik. Çox təəssüf ki, yığmamız məğlubiyyətlərlə üzləşdi. Millimiz birinci olsaydı, nəticəni bəyənmək olardı. Uğursuzluq olarsa, növbəti mərhələdə vəziyyət çox çətin, güclü yığma komandalar olacaq". 

Qeyd edək ki, UEFA Millətlər Liqasının "C" liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan yığması 4 oyundan 4 xalla 3-cüdür. Lüksemburqla Monteneqro 9 xalla ilk iki yeri bölüşdürür. Kipr 1 xalla sonuncudur. 

Azərbaycan yığması son iki oyunda - noyabrın 14-də Monteneqro, 17-də isə Lüksemburqla qarşılaşacaq.

 

 

Digər xəbərlər