Almaniya futbol qurumu səhvlərini etiraf etdi

Almaniya futbol qurumu səhvlərini etiraf etdi
Futbol
26 Sentyabr 2020 - 12:25
Supersport.Az-ın məlumatına görə, Almaniya Futbol İttifaqının baş katibi Fridrix Kurtius türk əsilli futbolçu Mesut Özilə qarşı haqsızlıq etdiklərini bildirib. 

DFB rəsmisi, 7 oktyabrda keçiriləcək Almaniya - Türkiyə oyunu ərəfəsində türk mətbuatına Berlində belə açıqlama verib.

O, məsələylə bağlı uğursuzluğa düçar olduqlarını, böhranı həll edə bilmədiklərini etiraf edib:

"Bu hadisədən nəticə çıxarmaq istəyirik. Almaniyada aktiv futbolçuların yüzdə 25-i miqrant mənşəli oyunçulardır. Bu inanılmaz dərəcədə yüksək bir rəqəmdir. Həmin oyunçulara sahib çıxmaq istəyirik. Onlarla dialoqumuzu artırmaq istəyirik. Mesut Özil şəxsən çox hörmət etdiyim milli futbolçudur. Ancaq 2 il əvvəlki yaranan problem zamanı DFB olaraq uyğunsuz addım atdığımızı deməliyəm. Futbolçunun ünvanına mənfi fikirlər deyiləndə ona daha çox dəstək ola bilərdik. Buna görə peşmanıq. 

İrqçiliyə cəmiyyətimizdə və xüsusən də futbolumuzda yer yoxdur. Hər irqçi hərəkətə qırmızı vərəqə göstərəcəyik. Bununla bağlı nəzarət gücləndirilib, şikayətlər qəbul olunub, dərhal tədbir görüləcək. İrçilik edənlərə qarşı sərt cəza veriləcək".

DBF rəsmisi, "Özil hadisəsi", ölkədə yetişən türk əsilli gənc oyunçuların Almaniyanı yox, Türkiyə yığma komandalarını seçiminə nə dərəcədə təsir edəcək" sualını cavablandırıb:

"Gələcəkdə təsirlərin nə qədər olacağını bilmirəm. Əlbəttə ki, Almaniya yığmasına üstünlük vermələrini istərdim və bundan məmnun olardım. Ancaq Türkiyə millisini seçsələr belə, hörmət edəcəyəm".

Oktyabrın 7-də Kölndə keçiriləcək Almaniya - Türkiyə yoldaşlıq matçının hər iki komandaya faydalı olacağına inandığını deyən baş katib, azarkeşlərin stadiona buraxılmasıyla əlaqədar qərar verilmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, İngiltərə “Arsenal”ında çıxış edən Almaniya keçmiş üzvü Mesut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki il əvvəl Londonda görüşdüyü üçün sərt tənqid olunmuşdu.

 

Digər xəbərlər