Ağdamsız 27 il...

Ağdamsız 27 il...
Futbol
23 İyul 2020 - 08:19

Bu gün "Qarabağ"ın təmsil etdiyi Ağdam rayonunun işğalından 27 il keçir. 


23 iyul 1993-cü il tarixində erməni silahlı qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Ağdamın ərazisi 1154 kv.km, əhalisinin sayı isə 164100 mindən çoxdur. Rayonun 122 kəndi var ki, onların da hazırda 87-si işğal altındadır.

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olundu. 1992-ci ildən terrorçu ermənilər Ağdama olan hücumları daha da intensivləşdirdi. 1993-cü ilin iyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Ermənilərə qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır. Nəticədə 1993-cü il iyulun 23-də Ağdam şəhəri düşmən tərəfindən ələ keçirildi. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər rayonun 882 kvadrat km sahəsini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı 87 kəndində vəşhicəsinə talan, qarətlə məşğul olduğunu sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 6 min nəfərdən çox azərbaycanlı şəhid, minlərlə insan fiziki şikəst olub, rayonun 140 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.

Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri yerlə-yeksan ediblər. Ağdamda doğulub böyüyən və Qarabağ müharibəsində canını fəda edən 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır. Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.  

Allah şəhidlərimizə rəhmət eləsin... 

Unutma, unutdurma... 

Digər xəbərlər