“Qarabağ”a ağır zərbə: “Növbəti qərarı gözləmək məcburiyyətindəyik”

“Qarabağ”a ağır zərbə: “Növbəti qərarı gözləmək məcburiyyətindəyik”
Futbol
26 İyun 2020 - 17:05

Dünyanın aciz qaldığı koronavirus pandemiyası bütün ölkələr, sahələrə ciddi təsir göstərib.


Ölkəmizdə də bu xəstəliyin sürətlə yayılması planların həyata keçirilməsinə mane olub. Buna görə respublikamızda iyunun 21-dən iyulun 5-dək ciddi karantin elan olunub. Xüsusi karantin rejimi müddəti avqustun 1-dək artırılıb.


Çempionlar Liqasında ölkəmizi təmsil edəcək premyer liqanın səkkizqat qalibi “Qarabağ” Futbol Klubu məlum səbəbdən böyük problemlə üzləşib. Ağdam təmsilçisi məhdudiyyət olduğundan məşq edə bilmir və məcburi istirahətə yollanıb.


“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu haqda Supersport.Az-a açıqlama verib:


“Bilirsiniz ki, pandemiya səbəbindən çox ağır vəziyyətdir. İyulun 5-də ciddi karantin rejimindən sonra Nazirlər Kabinetinin verəcəyi qərara əsasən, planlarımızı müəyyənləşdirəcəyik. Avqustun 18-də Çempionlar Liqasında ilk oyun olacaq. Mötəbər yarışa ciddi yanaşırıq və istənilən halda komandamız bu ay məşqə başlamalıdır. İyulun 5-də Nazirlər Kabinetinin verəcəyi növbəti qərarı gözləmək məcburiyyətindəyik”.


Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov vəziyyətin çox çətin olduğunu bildirib:


“Çox çətin dövrdür. Əvvəl planlarımız başqa idi, indi tamamilə fərqlidir. Heç gözləmirdik ki, yenidən belə karantin olsun və avqustun 1-nə kimi uzanacaq. Çox çətin situasiyadır. Son oyunumuzu martın əvvəlində oynamışıq. O vaxtdan iki yoxlama matçımız olub. Avqustun 17-18-də Çempionlar Liqasında ilk oyunumuz olacaq. Ona qədər hazırlaşmağımız çox çətindir. Bunun üçün yaxşılığa doğru dəyişiklik olmalıdır. Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı. Ölkə xaricinə çıxmasaq belə, burda hazırlıq əldə etmək olar. Digər klublarla yoxlama oyunları keçirməyimiz mümkündür. İnanıram ki, ayın 5-dən sonra belə bir şərait yaradılar. Alınmasa, tam fərqli şeylər düşünməliyik. ÇL-də oynayacağıqsa, düşünürəm ki, bizə heç  olmasa, Bakıdan kənarda şərait yaradılacaq”.

Digər xəbərlər