“Qarabağ”ın qəhrəman baş məşqçisinin şəhidlik zirvəsi - Video

“Qarabağ”ın qəhrəman baş məşqçisinin şəhidlik zirvəsi - Video
Futbol, Video
14 İyun 2020 - 07:00
Uca Rabbimiz şəhidliyə ən yüksək qiymət verib. Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Allahın nemətlərinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Allaha iman gətirən və Rabbi yolunda döyüşərək öldürülən şəxsdir. Bu ən üstün şəhidlik mərtəbəsidir. Lakin şəhidlik bununla bitmir. Dünya, axirət şəhidləri olur. Vətən uğrunda, müxtəlif xəstəliklərdən dünyasını dəyişənlər də şəhid hesab olunur.

Uca Allah şəhidlərin mənən ölmədiklərini, onlara ölülər deyilməsinin mümkün olmadığını Qurani Kərim müxtəlif ayələrində dilə gətirmişdir:

“Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etyiyi nemətə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağı xəbərinə görə sevincək olurlar” (Ali-İmran 3/169-171).

Qurani-Kərimdə təqribən otuz beş yerdə “şəhid” kəlməsi, iyirmiyə yaxın yerdə isə bu sözün cəmi olan “şühəda” və “əşhəd” sözləri keçir. Eyni kökdən olan sözlərlə yanaşı Qurandaki “şəhid” kəlməsi daha çox şahid mənasındadır. Şəhid həm də Allahın adlarından biridir. Şəhidlər həm Allahın mədhini, həm də Hz. Peyğəmbərin sevgisini qazanan xoşbəxt insanlardır.

Şəhidlər axirətdə peyğəmbərlər, siddiqlər və salehlərlə bərabər olurlar.

Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müqavimətinin simvolundan biri, "Qarabağ"ın keçmiş kapitanı, baş məşqçisi Allahverdi Bağırovun şəhid olduğu gündür. Fədakar insan, 28 il əvvəl - 1992-ci il iyunun 14-də canını vətənə fəda edib.

https://m.youtube.com/watch?feature=emb_title&v=JCJK6aUVf00&ebc=ANyPxKqQaEa-QgdaQaZz1yPFwECqGM35TLH_8XcxD7aZXCb9V-o7Ctjdde44zbhabYb8WATcWrWK2x1f6MEchECc91KBrkRFKg

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi ona Allahverdi, yəni “Allahın payı” adını verir. Bu, həm də onun ana babasının adı olub.
O, Azərbaycan tarixinə 1992-ci ildə üç gün ərzində 1000-dən çox Xocalı əsirini ermənilərin əlindən xilas etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqla düşüb.

Allahverdi Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbdə alıb. Futbolçu olan Bağırov “Qarabağ” klubunda oynayıb, 1976-cı ildə baş məşqçi təyin olunub. Həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradır. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılır və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq, bu posta keşik çəkməyə gedir. Daha sonra bu cür özünümüdafiə postları ermənilərlə həmsərhəd digər kəndlərdə də yaradılır.

1991-ci il oktyabrın 1-də Eldar və Allahverdi Bağırov qardaşları Azərbaycan ordusunun ilk hərbi birləşmələrindən biri - Ağdam Ərazi Özünümüdafiə taboru qurub. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora “Vətən oğulları” adı verilir. O, həmçinin Azərbaycan Ali Sovetinin üzvü seçilir. Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayır.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Allahverdi Bağırovun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək, Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub. Cəmisi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçərək, 1000-dən çox insan xilas edib Ağdama gətirib. Azərbaycan tərəfi 613 nəfər itki verib.

Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib, p700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Allahverdi Bağırovun Vitali Balasnyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və cəsədləri Ağdama gətirib.

Bağırovun bu fəaliyyəti “Fəryad” filmində obrazlı şəkildə işıqlandırılıb.

Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutub Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək, Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb.

Bu əməliyyatdan iki gün sonra iyunun 14-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Allahverdi Bağırov, sürücüsü Emir Mirzəyev və Nizami həkimlə birlikdə şəhid olub.

A.Bağırovun Bakıda Şəhidlər Xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında torpağa tapşırılıb. Allahverdi Bağırov ölümündən sonra 24 fevral 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Qızıl ulduz” medalı ilə təltif olunub.

Azərbaycanın qəhrəman övladının məzarı 27 ildir ki, doğma vətənində, amma düşmən girovluğundadır. Bir neçə il əvvəl mətbuatda Bağırovun qorunan məzarının üstünə təzə güllərin qoyulduğunu əks etdirən fotolar yayılıb. İlk vaxtlar şəhid Allahverdi Bağırovun məzarına general Vitali Balasanyanın diqqət göstərdiyi haqqında məlumatlar yayılsa da, tanınmış jurnalist Asəf Quliyevin araşdırması zamanı Balasanyan Bağırova hörmətini dilə gətirsə də, məzara gül gətirən şəxsin həqiqi kimliyi aydınlaşdırılıb. Bu şəxsin Allahverdi Bağırovun keçmiş futbolçu həmkarı Razmik Petrosyan olduğu məlum olub. 2016-cı il aprel müharibəsindən sonra vəhşiləşən ermənilər Bağırovun və digər azərbaycanlıların qəbirlərinə hücum edərək onları dağıtsa da, Bağırovun qəbri Petrosyan və dostları tərəfindən yenidən bərpa olunub.

Allahverdi Bağırovun xatirəsini ehtiramla anır, ona və Vətən yolunda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Digər xəbərlər