Azərbaycan Mətbuat Şurasından koronavirusun qalibi jurnalistə zəng

Azərbaycan Mətbuat Şurasından koronavirusun qalibi jurnalistə zəng
Digər, Eksklüziv
07 İyun 2020 - 22:00
Dünyanın aciz qaldığı koronavirusa qalib gələn azərbaycanlı idman jurnalisti Anar Cəfərsoya ölkəmizdə daha bir dəstək gəlib.

Azərbaycan Mətbuat Şurasının rəhbərliyi Supersport.Az portalının təsisçisi, baş redaktoruyla əlaqə saxlayıb.

Sədr Əflatun Amaşov, MŞ sədrinin müavini Müşfiq Ələsgərli sayt rəhbəri Anar Cəfərsoyla telefon söhbətində idman jurnalistinə koronavirusdan dünyasını dəyişən anasına görə başsağlığı verib, Azərbaycan Mətbuat Şurasının mərhumənin vəfatından kədərləndiyini bildirib, Allahdan ona rəhmət, ailəsinə, yaxınlarına səbr diləyib. Portalın təsisçisinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

Sədr, Azərbaycan Mətbuat Şurasının üzvü olan Supersport.Az saytının ölkə idmanının istər daxildə, istərsə də xaricdə təbliğində böyük xidmətləri olduğunu, videogörüntülər baxımından fərqləndiyini qabardıb. Məlumat üçün bildirək ki, idman portalının “Supersport Azerbaijan” youtube videokanalı 5 ildə 9.3 milyon dəfə izlənilib.

Sədr, baş redaktorun şəfa tapmasının sevindirici məqam olmasını deyərək, hərtərəfli kömək etmək istədiklərini çatdırıb.

İdman jurnalisti, mətbuat qurumunun addımını müsbət qiymətləndirərək, dərin təşəkkürünü bildirib.

Xatırladaq ki, Supersport.Az-ın rəhbərinə Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Mətbuat Şurasıyla yanaşı, “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail”, “Qəbələ” klubları, Peşəkar Futbol Liqası, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Qarabağ”ın direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, “Neftçi”nin prezidenti Kamran Quliyev, Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev, sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev, “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov, bundan başqa digər idman qurumları başsağlığı, həmçinin hərtərəfli dəstək veriblər. “Sabah”ın serb qolkiperi Saşa Stamenkoviç də idman jurnalistini diqqətdə saxlayıb.

Digər xəbərlər