"Barselona"nın qənimi olan məşqçi millimizə gətirilə bilər

"Barselona"nın qənimi olan məşqçi millimizə gətirilə bilər
Futbol
06 Aprel 2020 - 15:13
"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko Azərbaycan yığmasını çalışdıra bilər.

Supersport.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

İtaliyalı mütəxəssislə "Fənərbağça"nın da danışıq apardığı, lakin onun AFFA-dan təklif aldığı üçün hələ qərar vermədiyi bildirilib.
Di Françesko ölkəsinin mediasına açıqlamasında bir klubdan, bəzi milli komandalardan dəvət aldığını deyib:


"Hər yeni təcrübəyə açığam. İngilis dilini öyrənirəm. İngiltərə, Türkiyə və bəzi milli komandalardan təklif almışam". 



Qeyd edək ki, Di Françesko futbolçu karyerasında "Empoli, "Luçese", "Pyaçensa", "Roma" (4 sezon), "Ankona", "Peruca" klublarında oynayıb. Məşqçiliyə "Virtus Lansiano"da start verib, ardından "Peskara"yla "Leççe"də fəaliyyət göstərib. Bundan sonra "Sassuolo"nu 5 mövsüm çalışdıran mütəxəssis, "B" seriyasından 4 sezonda "A" seriyasıyla Avrokuboka daşıyıb. "Roma"da ilk mövsümündə komandanı Çempionlar Liqası yarımfinalında oynadıb. Dörddəbir finalda "Barselona"nı 3 qolla kənarlaşdıran Roma təmsilçisi "Liverpul"la bacarmayıb. İtaliya klubu ilk oyunda 2:5 uduzsa da, cavab matçında 4:2 hesablı qələbə qazanıb.


Di Françesko 2017-19-cu illərdə "Roma"nı çalışdırıb. Ötən il "Sampdoria"nın baş məşqçisi olan 50 yaşlı məşqçi komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Digər xəbərlər