Andrey Şevçenko: "İtaliyada vəziyyət Çernobıl faciəsinə bənzəyir"

Andrey Şevçenko: "İtaliyada vəziyyət Çernobıl faciəsinə bənzəyir"
Futbol
29 Mart 2020 - 07:44
Supersport.Az-ın məlumatına görə, vaxtilə "Milan"ın formasını geyinən, Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko koronavirus epidemiyasının İtaliyaya ağır zərbəsiylə insan itkilərini artırmasına təəssüfləndiyini deyib.

Hazırda İngiltərədə karantində olan mütəxəssis, hər kəsi diqqətli olmağa çağırıb:

"Uşaqlıqda 10 yaşım olanda vətənimdə nüvə fəlakəti oldu. İndi İtaliyada vəziyyət Çernobıl faciəsinə bənzəyir. Mürəkkəb durumda axmaq hərəkətdən qaçaraq, əsl qəhrəman tibb işçilərinin pandemiyaya qarşı mübarizəsini çətinləşdirməməliyik. Hökumətin qərarlarını yerinə yetirməli, məsləhətlərə əməl etməli, ilk növbədə evdə qalmalıyıq. Kimsə virusa yoluxmayacağına təminat verə bilməz. Hazırda Londonda 10 gündə heç yerə getməyəcəm. Məndə hər şey qaydasındadır. İtaliyadakı vəziyyəti izləyir, ümid edirəm ki, sonda bu bəladan birlikdə xilas olacağıq" - deyə, 44 yaşlı Şevçenko bildirib.

Dünyanı sarsıdan Çernobıl atom qəzası 34 il əvvəl Ukraynada baş verib. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan öldüyünü, sonrakı illərdə isə bu rəqəmin 100 mini keçdiyi bildirilir. Faciənin nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 mindən artıq sovet insanı gerçək qəhrəmanlıq göstərdi. Onların hamısı - 5 milyon ukraynalıdan əlavə, SSRİ respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutuldular. «Greenpeace» təşkilatının məlumatına görə, təkcə 1994-2000-ci illərdə Çernobıl qəzasının təsiri nəticəsində güclü şüalanmadan 200 mindən çox insan dünyasını dəyişib.

Qeyd edək ki, İtaliyada 92 min 472 insan virusa yoluxub, 10 min 23-ü vəfat edib, 12384-ü sağalıb. Ötən gün 889 nəfər dünyasını dəyişib. 

Digər xəbərlər