"Neftçi" "Qarabağ"ın nəticələrinə fikir vermir"

"Neftçi" "Qarabağ"ın nəticələrinə fikir vermir"
Futbol
07 Mart 2020 - 21:44
Supersport.Az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la keçirilən oyundan sonra qələbəni şərh edib.

"Hesab deməsin ki, asan oyun oldu. Xüsusilə ilk hissə çətin keçdi. Bu cür futbolu gözləyirdik. Uşaqlar da tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar, əzmkarlıq göstərdilər. Güclü futbolçulardan qurulmuş komandaya qarşı yaxşı oyun göstərib, qalib gəldik. Keçən matçda da pis oynamamışdıq, sadəcə, sonradan qol vura bilməyib, əvəzində, bir səhvlə qapımızda qol görmüşdük. Bu gün qalib gəlib, azarkeşlərimizi sevindirməyi çox istəyirdik. Buna nail olduq. Futbolçulara təşəkkür edirəm".

Mütəxəssis bir səhvə görə futbolçunu silə bilməyəcəklərini deyib:

"Baş məşqçi kimi futbolçuların oyununu çox bəyənirəm. Komanda daxilində heç bir problem yoxdur. Oyun ərzində bəzən gərginliklər olur, amma bu o demək deyil ki, abu-hava pisdir. Bütün futbolçular məşqçilərin tapşırıqlarını sevərək yerinə yetirirlər. Aqil Məmmədovun səhhəti stabildir. Həkimlərin dediyinə görə, qol vurulanda sevinib və həyəcandan sıxıntı olub, amma şükür Allaha, qorxulu bir şey yoxdur. Azarkeşlərimiz, "Forza Neftçi" oyunboyu bizi dəstəklədilər. Onlara təşəkkür edirəm. "Qarabağ"ın nəticələrinə fikir vermirik. Keçən turdakı oyuna dəfələrlə baxandan sonra uşaqlara deməyə söz tapmırdım. Səhvlər, ani diqqəsizlik var idi. Sevinirəm ki, qol epizodları yaradırıq, amma sonluğu da qoymaq lazımdır. Oyun olduğu zaman nəticə də olacaq. Komandanın həm hücumda, həm də müdafiədə düzgün oynamasına çalışıram. Keçən oyunun 92-ci dəqiqəsində qapıçımızın səhvi var idi. Onu analiz edib, Aqillə və digər qapıçılarımzla danışdıq. Aqil bu oyuna çox yaxşı hazırlaşmışdı. Unutmayaq ki, U-21 millisinin qapıçısı Kamran İbrahimov da bizdədir. Bütün qapıçılarımız keyfiyyətlidir. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq. Milliyə oyunçu verəndə çox sevinirik. Namik Ələskərov da əsas heyət üzvünə çevrilib. Milli bizimdir, fayda vermək üçün əlimizdən gələni edirik. Aqili milliyə dəvət edəcəklər, ona görə çox sevinirik".

Digər xəbərlər