İdman jurnalistləri dövlət qurumlarını dəstək verməyə çağırdı - Video

İdman jurnalistləri dövlət qurumlarını dəstək verməyə çağırdı - Video
Digər, Video
21 Fevral 2020 - 16:26
Supersport.Az İdman Jurnalistlərinin Respublika Toplantısından videogörüntü hazırlayıb.


Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkil etdiyi tədbirdə qurumun İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkənin mətbuat nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran yazarlar iştirak ediblər.

Dövlət himninin səsləndirilməsiylə başlanan mərasim AİJF sədri Qabil Mehdiyevin salamlama nitqi ilə davam etdirilib. Q.Mehdiyev İdarə Heyətinin ictimai əsaslarla və təmənnasız çalışdığını bildirib. Sədr, idman mediasının ümumi maliyyələşmədən kənarda qalmasından narahat olduğunu, bu düşüncənin dəyişməsinə çalışacaqlarını diqqətə çatdırıb. AİJF rəhbəri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsiylə imzalanan memoranduma əsasən, bir media nümayəndəsinin ölkədaxili, birinin isə xarici yarışı izləmək xərcinin çəkiləcəyini bildirib. Sədr, idman jurnalistikasının stimullaşdırılması üçün müxtəlif seminarlar və yazı müsabiqələri keçirəcəklərini söyləyib.

Veteran jurnalist Oqtay Bayramov bu günü idman yazarları üçün tarixi hadisə hesab edib. O, AİJF-nin xoş təşəbbüs göstərdiyini, Azərbaycanda idman jurnalistikası ənənələrini gənc jurnalistlərin uğurla davam etdirdiklərini deyib. Əməkdar jurnalistin fikrincə, Respublika toplantısından sonra bu fəaliyyət daha da güclənəcək. Tədbirin Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirildiyi il olduğunu bildirən O.Bayramov bütün həmkarlarına idmanın tərəqqisi naminə uğurlar arzulayıb.

Daha sonra dünyasını dəyişmiş idman jurnalistlərinin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Toplantının fəxri qonağı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramının rəhbəri Den Meyson bildirib ki, əvvəllər jurnalistlərin səsini bu qədər eşitmək mümkün olmayıb:

"Artıq onların səsi tez-tez eşidiləcək. Magistr proqramımızın meneceri Ellada Mustafayeva AİJF İdarə Heyətinin üzvüdür. Şəxsən özüm də idman mediasının inkişafına lazımi dəstəyi göstərməyə hazıram".

Ardından medianı narahat edən məsələlər müzakirə olunub. KİV nümayəndələri, mətbuat katibləri, veteran jurnalistlər bu sahədə problemləri qaldırıb, müxtəlif təkliflər səsləndiriblər. Jurnalistlər belə toplantının təşkilini çoxdan gözlədiklərini deyərək, buna görə AİJF-yə təşəkkür ediblər.

Qol.az saytının baş redaktoru Aydın Bağırov Azərbaycanın iqtisadi cəhətdən gücləndiyi bir şəraitdə idman mediasında maddi problemlər olduğunu qabardıb. O, bəzi dövlət qurumlarını idman mediasına dəstəyə, Gənclər və İdman Nazirliyilə yanaşı, digər qurumların mətbuat xidmətlərini media ilə normal əməkdaşlığa, hər hansı tənqidə görə uçurum yaratmamağa çağırıb. Sayt rəhbəri bildirib ki, KİV-in özünü maliyyələşdirməsi və gəlir əldə etməsi üçün azad reklam bazarı mövcud deyil. Baş redaktor, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun idman mediasına maddi dəstək verməsinin vacibliyini vurğulayıb.  A.Bağırov 20 fevralın Azərbaycanın İdman Jurnalistləri günü kimi qeyd olunmasını təklif edib.



 

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov elektron KİV-in inkişafı üçün şəraitin yaradılması və idman saytlarının redaksiyalarla təmin edilməsinin vacibliyini söyləyib.

Sport24.az-ın rəhbəri Ceyhun Əliyev isə idman jurnalistlərinin attestasiyadan keçirilməsini və akkreditasiya ilə bağlı məsələlərə yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, yerli çempionat oyunlarını işıqlandıranların sayı xeyli az olduğu halda, beynəlxalq matçlarda jurnalistlər azarkeş kimi iştirak edirlər. Baş redaktor onu da bildirib ki, KİV vasitəsilə təhqirlərə yol verilməsinin qarşısı alınmalıdır.

İTV-nin idman şöbəsinin rəhbəri, Azərbaycan Badminton və Qılıncoynatma federasiyalarının mətbuat katibi Kənan Hakimov idman sahəsində çalışan 100-dək media nümayəndəsinin bir araya gətirilməsini böyük uğur adlandırıb. Ötən il Bakıda keçirilmiş UEFA Avropa Liqasının final oyunu ərəfəsində erməni futbolçu Henrix Mxitaryanla bağlı məsələdə idman mediasının informasiya müharibəsində önə çıxa bilmədiyini deyən K.Hakimov Avro-2020-nin qarşılaşmaları ərəfəsində media seminarlarının və dil kurslarının təşkilini vacib sayıb.

Futbolinfo.az-ın baş redaktoru Vüsal Mahmudov idman mətbuatına maddi dəstək verilməsinin, saytların redaksiyalarla təmin edilməsinin, kadr hazırlığının mühüm olduğunu qeyd edib. Təcrübəli media nümayəndəsi, jurnalistləri həmrəy olmağa, birləşməyə çağırıb: "Gəlin, bir-birimizə hörmətlə yanaşaq, həmfikir olaq, birləşək. Bizdə nöqsan axtaranların özləri milyonlarla səhv edir".

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Aslan Şahgəldiyev, təmsil olunduğu qurumda çempionat oyunlarını işıqlandırmaq üçün 250-dək media nümayəndəsi qeydiyyatdan keçdiyi halda, stadionlarda bir neçə media nümayəndəsinə rast gəlindiyini deyib.

Digər çıxış edənlər də maraqlı fikir mübadiləsinin getdiyini və toplantının təşkilindən razılıqlarını dilə gətiriblər.

AİJF sədri və İdarə Heyətinin üzvləri qaldırılan məsələlər, təkliflərin qeydə alındığını və bütün bunların həlli yolunda müvafiq addımların atılacağını vurğulayıblar.

 

Digər xəbərlər