Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimatı - Video

Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimatı - Video
Eksklüziv, Video, Foto
11 Yanvar 2020 - 18:59
Supersport.Az Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimindən videogörüntü hazırlayıb.


Milli Olimpiya Komitəsində keçirilən tədbirə federasiya rəhbəri Qabil Mehdiyev, MOK baş katibi Ağacan Abiyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov qatılıblar.



İdman mediasında ciddi problemlərin olduğunu deyən F.Mansurov, yeni qurumun faydalı olacağını diqqətə çatdırdı:

"Nazir Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə idman jurnalistikasının durumundan narazılığını bildirmişdi. İdmanda olduğu kimi, mediada da uğurlar olmalıdır. Buna görə də belə qərara alındı ki, yeni təşkilat yaradılsın. Hesab edirəm ki, bu federasiya idman mediasının inkişafına öz layiqli töhfəsini verəcək".

A.Abiyev isə ölkə idmançılarının zəfərlərinin işıqlandırılmasında idman jurnalistlərinin mühüm rolu olduğunu bildirərək, yeni təşkilata uğurlar dilədi.

Federasiya rəhbəri Qabil Mehdiyev idman mediasında problemlərin həlli üçün bütün güclərini sərf edəcəklərini söylədi. O, dedi ki, qurumun yaradılmasında əsas məqsədlərdən biri idman jurnalistlərinin sosial durumunun düzəldilməsi, onların iş fəaliyyətinin genişləndirilməsidir. Sədr, maliyyə məsələsi ilə bağlı dövlət qurumları, həmçinin sponsorlarla danışıqlar aparılacağı haqda danışdı.

Federasiya rəhbəri AİJF-nın rəsmi saytı və loqosunun da artıq hazır olduğunu vurğuladı:

"Qurumun saytı sportsmedia.az domeni ilə fəaliyyət göstərəcək. AİJF-nın rəsmi saytında yer alan "Mediadan seçmələr" bölməsində idman jurnalistlərinin maraqlı məqalələri əks olunacaq. İlin sonunda isə həmin jurnalistlərdən ən yaxşısı mükafatlandırılacaq. Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatları təsis ediləcək. İlk mükafat il ərzində jurnalistlərlə yaxşı işləyən idman xadimlərinə və ya federasiya nümayəndələrinə, ikinci isə ən yaxşı idman jurnalistinə təqdim olunacaq".

İdarə Heyətinin üzvü Vüqar Zeynalov da çatışmazlıqları qabardaraq, ölkədə dünya səviyyəli idman jurnalistinin olmamasından şikayətləndi.

Əməkdar jurnalist Bəxtiyar Məmmədov, idman mediasının birləşməsi baxımından son fürsət olduğunu bildirərək, yeni qurumun problemlərin həll olunmasında böyük işlər görəcəyinə inandığını qeyd etdi.

Qeyd edək ki, AİJF-nin İdarə Heyəti 9 nəfərdən ibarətdir. Federasiyanın İdarə Heyətinin sədri, "İdman" qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyevdir. İdarə heyətinin üzvləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya, ikiqat dünya çempionu Fərid Mansurov, MOK-un İnformasiya və Nəşriyyat İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, azerisport.com saytının baş redaktoru Vüqar Zeynalov, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, "Report" İnformasiya Agentliyinin idman departamentinin redaktoru Elşən Məmmədov və ATV telekanalının idman şöbəsinin redaktoru Sənan Şəfizadədir.

Digər xəbərlər