FİFA-nın saxtakarlığı

FİFA-nın saxtakarlığı
Futbol
26 Sentyabr 2019 - 15:36







FİFA-nın "The Best" mükafatı ilə bağlı qalmaqal olub.

Supersport.Az-ın xarici mətbuata istnadən yaydığı xəbərə görə, Nikaraqua millisinin kapitanı Xuan Barreranın Messiyə səs vermədiyi halda sorğunun nəticəsində saxtakarlığa yol verildiyi iddia olunub.
"Mən The Best mükafatında Messiyə səs verməmişəm. Adımı Messiyə səs verən kapitanlar sırasında görəndə təəccübləndim. Ümumiyyətlə, mən səsvermədə iştirak etməmişəm. FİFA iddia edir ki, sorğu siyahısını mənim email ünvanıma göndərib. Amma mən siyahı almamışam. Necə olur ki, sorğuya ümumiyyətlə, qatılmadığım halda, adım səsverənlər siyahısına düşür?" – deyə Barrera bildirib.

FİFA-nın açıqladığı səsvermə siyahısında Xuan Barreranın 1-ci yerə Messi, 2-ci yerə Sadio Mane, 3-cü yerə isə Kriştiano Ronaldonun adını yazdığı qeyd edilib. Bununla bağlı qurum artıq Barreranın imzası olan sənədi yayımlayıb.

FİFA Misir millisinin baş məşqçisi Xavyer Aqirre və kapitan Ahmed Al-Məhəmmədin "The Best"in sorğusu üçün səslərini nəzərə almayıb.

Bu barədə Misir Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, qeyd olunan hər iki şəxs dünyanın ən yaxşı futbolçusu ilə bağlı sorğuda 5 xalı millinin və "Liverpul"un hücumçusu Məhəmməd Salaha verib. Ancaq səsvermənin dərc olunmuş yekun siyahısından Misirdən təkcə jurnalistin səsi nəzərə alınıb.
Federasiyanın saytı yazıb ki, səsvermə ilə bağlı FİFA-ya rəsmi cavab avqustun 15-də göndərilib. Həmin ayın 19-u isə təsdiq cavab verilib. Bununla belə dünyanın ali futbol qurumu baş məşqçi və kapitanın səsini nəzərə almayıb. Misir Futbol Federasiyası bununla bağlı araşdırma apardığını vurğulayıb. Çünki qurum hesab edir ki, FİFA-ya məlumatları nizamnaməyə uyğun olaraq vaxtında göndərib.

Qeyd edək ki, FİFA-nın səsverməsi ilə bağlı Nikaraqua millisinin kapitanı Xuan Barrerayla yanaşı Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç Lionel Messiyə səs vermədikləri halda, onların adından argentinalıya səs verildiyini iddia ediblər.

 

Digər xəbərlər