Davor Şuker: "Azərbaycanı çox sevirəm" - Video

Davor Şuker: "Azərbaycanı çox sevirəm" - Video
Futbol, Video
09 Sentyabr 2019 - 13:00
Supersport.Az Bakıda Avro-2020-nin seçmə mərhələsində bu gün Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun ərəfəsində Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şukerin fikirlərini videogörüntüyə alıb.


Əfsanəvi mütəxəssis ilk olaraq ölkəmizə xoş münasibətindən danışıb:

"Müstəqilliyimizi qazandığımız 1992-ci ildən sonra çox yaxşı nəticələrimiz olub. Son olaraq, 2018-ci il dünya çempionatında ikinci yeri tutmuşuq. O qədər də böyük əhalimiz olmasa da, baş məşqçilərə yaxşı trend yaratmışıq. Həmçinin, çox şadıq ki, Robert Prosineçki burada çalışıb. O, çox gözəl insan və yaxşı baş məşqçidir. Bu, bizim üçün çox xoşdur. Özüm də Azərbaycanı çox sevirəm. Həm AFFA-da, həm də Azərbaycanın özündə çoxlu dostlarım var. Oyundan bir qədər kənara çıxaraq bildirim ki, bu il Bakıda Avropa Liqasının final matçı keçirilmişdi. İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilatçılığı barədə bütün fikirlər müsbət olmuşdu. UEFA İcraiyyə Komitəsinin üzvü kimi ümidvaram ki, Avro-2020-nin Bakıda keçiriləcək 4 oyunu bundan da yaxşı təşkil olunacaq".

Şuker uğursuz nəticə olarsa, Zlatko Daliçi Niko Kovaç kimi istefa təhlükəsinin gözləyib-gözləmədiyiylə əlaqədar sualı cavablandırıb:

"Seçmə mərhələdə hər oyun 3 xal qazanmaq baxımından vacibdir. Zaqrebdəki qarşılaşmada elə də yaxşı təsir bağışlamadığımız halda, qələbə qazanan tərəf olmuşduq. Bakıda bir zəif oyunumuz olub. 2015-ci ildə 0:0 hesablı heç-heçə ilə nəticələnmiş görüş. Ümidvaram ki, növbəti oyundan sonra baş məşqçimizi dəyişməyəcəyik. Hazırda qrupdakı vəziyyətimiz çox yaxşıdır. Çox gözəl oynayırıq. İnanıram ki, Avro-2020-yə Zlatko Daliçlə birgə yollanacağıq".

Sonda xorvat futbol qurumunun rəhbəri, Azərbaycan dilində "Təşəkkürlər" sözünü deyib.

Qeyd edək ki, bu gün 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.

Digər xəbərlər