Rəşad Sadıqov: "Kiprdə təxribat olsa, fikir verməməliyik" - Video

Rəşad Sadıqov: "Kiprdə təxribat olsa, fikir verməməliyik" - Video
Futbol, Video
04 Avqust 2019 - 22:55
Supersport.Az Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dundalk" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun fikirlərini videogörüntüyə alıb.


37 yaşlı futbolçu bəzi sualları cavablandırıb:



– İctimaiyyət belə düşünür ki, bu dəfə püşk “Qarabağ”ın üzünə gülür…

– Mən belə xatırlamıram ki, ictimaiyyət püşkün bizim üzümüzə güldüyünü desin. "Atletiko", "Roma" ilə oyunlarda bizdən xal qazanmağı gözləyiblər. Bir top fərqiylə uduzanda insanlar məyus olurdu. Bizdən gözlənti çoxdur, bunu da anlayırıq. Püşkdən danışırıq, ancaq ilk mərhələdə "Partizani" hesab 1:0 olanda təzyiq yaratmışdı, ardıcıl 5-6 künc zərbəsi yerinə yetirilirdi. Hesabda 1:0 öndə olanda "Dundalk" təzyiq edirdi. Bura Çempionlar Liqasıdır, asan rəqib olmur, təslim olmaq istəyən yoxdur. İndi rəqib təcrübəli Apoel-dir. Püşkün hansı komandanın üzünə güldüyünü bilmirəm.

– Azarkeşlərlə polislər arasında insident yaşandı. Həmin anda nə baş verdi?

– Tək mənim deyil, bir anlıq hamının fikri yayındı. Azarkeşlərlə polislərin arasındakı problem bizə də təsir edir. Elə dəqiqələrdə idi ki, rəqib üzərimizdə təzyiq yaratmışdı. Bizim də onlara ehtiyacımız var idi. Bir anlıq baxdıq və dedik ki, oyuna davam edək. Çünki bunun nə bizə, nə də azarkeşlərə faydası olacaqdı. Əlimlə də jest etdim ki, sakitləşsinlər, çünki insident olmasını istəmirdik.

– Apoel ilə səfər oyununda təxribat olacağını gözləmək olar. Çünki daha əvvəl "Neftçi" ilə oyunda azarkeşləri belə edib.

– Bilirik. "Qəbələ" və "Neftçi"nin Kiprdə keçirdikləri oyunlardan xəbərimiz var. Məşqçilərimiz də bunun üzərində işləyəcək. Maksimum səbirli olmalıyıq. İstər meydanda, istərsə də kənarda baş verə biləcək təxribata getməməliyik. Çünki ilk növbədə bizim üçün ən önəmli olan nəticədir. Onların nəticəyə yox, ancaq bizə təsiri ola bilər.

– Mahir Emrelinin adı İspaniya klubları ilə hallanır. Sizcə, o getməlidirmi?

– Tək Mahir deyil, bizdə çox futbolçuya təklif gəlir. Bəzilərində ictimaiyyət bilir, digərlərində isə yox. Belə hallarda məşqçilər və futbolçu söhbət edib, ortaq nəticəyə gəlir. Əgər Mahirin gələcəyi üçün xeyirlidirsə, hamımız istəyirik ki getsin, böyük futbol oynasın. Çünki ona uyğun potensialı var. Əgər faydası olmayacaqsa, qalması məsləhətdir.

– Sizin daha əvvələr İspaniyada oynamaq şansınız olub?

– Mənim belə variantım olmayıb. O vaxt İspaniyaya yollanmışdım, gedəndə bildim ki, məni gözləyən yoxdur. Əslində, belə təklif olmamışdı.

Digər xəbərlər