"Realmadrid" Azərbaycan Məktəbinin növbəti zəfəri - Şükür Cəfərli qol bacarığını göstərdi

"Realmadrid" Azərbaycan Məktəbinin növbəti zəfəri - Şükür Cəfərli qol bacarığını göstərdi
Futbol, Foto
07 İyul 2019 - 22:22
"Realmadrid Fondu"nun Azərbaycan Futbol Məktəbinin yığma komandası 24-28 iyun tarixlərində beynəlxalq turnirdə iştirak edib.

Supersport.Az-ın məlumatına görə, əfsanəvi macar futbolçu Ferents Puşkaşın xatirəsinə həsr olunan ənənəvi “COPA – Alma 2019” kuboku uğrunda yarışlarda Azərbaycanla yanaşı, 7 ölkənin - Rusiya, Rumıniya, Bolqarıstan, İspaniya, Portuqaliya, Ukrayna və Macarıstan təmsilçiləri mübarizə aparıb. 
"Realmadrid Fondu"nun böyük diqqət ayırdığı "COPA – Alma 2019" yenə də yüksək təşkilatçılıq və gərgin yarış proqramı ilə yadda qalıb. Təntənəli açılış mərasimində fondun beynəlxalq zona üzrə baş meneceri Rosa Roncal Himenez və başqa yüksək vəzifəli şəxslər iştirak ediblər.

Azərbaycan Sosial Futbol Məktəbinin komandasının tərkibində 2004-2007-ci il təvəllüdlü 10 futbolçu yer alıb. Portuqaliya iki komanda ilə mübarizəyə qoşulduğuna görə, tədbirdə ümumilikdə 9 məktəbin yetirmələri qüvvəsini sınayıb. "Ferents Puşkaş Akademiyası"nın stadionunda və təlim-məşq meydançalarında keçirilən turnir iki mərhələdən ibarət olub. İyunun 25-də fərqli ölkələri təmsil edən uşaqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət edən "İnteqrasiya Turniri" start götürüb. "Hörmət", "Motivasiya" və "Bərabərlik" adlanan 3 liqada bütün iştirakçılar qarışıq komandalarda fərqli məqsədli futbol nümayiş etdiriblər. 

Ertəsi gün isə yarışların əsas mərhələsi – "İdman oyunları" başlayıb. Burada püşk nəticəsində 3 qrup formalaşdırılıb. Azərbaycan yığması Rusiya, Bolqarıstan və Portuqaliya komandaları ilə görüşüb. Komandamız Rusiya ilə görüşdə qapısından 4 cavabsız top buraxıb. Bolqarıstana isə 1-6 hesabı ilə məğlub olub. Futbolçularımız son matçda Potuqaliya ilə qolsuz heç-heçə edərək ilk xalını qazanıb. Əsasnaməyə görə, qrupda tutulan yerlərə uyğun olaraq növbəti mərhələdə məktəbimizin kollektivi digər qrupların sonuncuları ilə qarşılaşmalı olub. Portuqaliya (ikinci təmsilçi) (1-0) və Rumıniya (11-0) komandası ilə oyunlarda qələbə qazanan təmsilçimiz ikinci qrupda birinci yeri tutub. Komandamızın əsas silahı Şükür Cəfərli 7 qol vurmaqla uğurda böyük pay sahibi olub. 

 Şükür Cəfərli

Yekunda ümumi xallara görə 4-cü olan "Realmadrid Fondu"nun Azərbaycan Futbol Məktəbi "Self-Esteem" nominasiyasına görə də xüsusi mükafatla – kubokla mükfatlandırılıb. 

Xallar oyunların nəticəsinə (qələbə 3 xal, heç-heçə 2 xal, məglubiyyət 1 xal), RESPECT göstəricilərinə görə və hər bir komandanın özünün və rəqibinin verdiyi qiymətlərə görə müəyyən edilib.

İstedadların yarışı

"COPA – Alma 2019"da uğurlarımız bununla yekunlaşmayıb. Turnirdən sonra uşaqların idmandankənar bəddi yaradıcılıq imkanlarını üzə çıxarmaq məqsədi daşıyan "GOT Talent Show" layihəsi üzrə yarışlar keçirilib. Səhnələşdirilmiş şoudan ibarət olan və hər iştirakçı komandaya ən azı 3 dəqiqə çıxış imkanı verən əyləncəli tədbirdə öz bacarıqlarını nümayiş etdirən komandamızın üzvləri ümumi hesabda 2-ci yerə layiq görülüb. Milli geyimdə səhnəyə çıxan futbolçularımız ifa etdikləri rəqslərlə tamaşaçıların rəğbətini qazanıblar. Ukrayna komandası birinci olub. 

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin və "Realmadrid Fondu"nun birgə layihəsi olan Azərbaycan Sosial Futbol Məktəbi 2013-cü ildən fəaliyyət göstərir. 6 il əvvəl imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, yaradılan məktəb "Realmadrid Fondu"nun MDB məkanında birinci, Avropada səkkizinci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin uğurlu olması ilə əlaqədar tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəliblər. Layihənin əsas tərəfdaşları Gənclər və İdman Nazirliyi ilə “Realmadrid Fondu”dur. 2018-ci ilin yanvar ayında yeni əməkdaşlıq müqaviləsi imzalanıb və məktəbin fəaliyyət müddəti daha 5 il uzadılıb.




Digər xəbərlər