Avropa Oyunlarında Azərbaycan azarkeşləri səfirlikdən kömək istədi

Avropa Oyunlarında Azərbaycan azarkeşləri səfirlikdən kömək istədi
Digər, Eksklüziv, Foto
24 İyun 2019 - 09:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Belarus paytaxtı Minskdə Avropa Oyunlarını canlı izləyən Azərbaycanın bir qrup azarkeşi narahatdır.

Fanatlar saytımıza bildiriblər ki, əksər idmançılarımızın qarşılaşmalarına vaxtında baxmaq üçün idman arenasına çatmaq problem olur. Buna görə də azarkeşlər Supersport.Az vasitəsilə Azərbaycanın Belarusdakı səfirliyinə müraciət edərək, avtobus ayrılmasını xahiş ediblər:

"Avropa Oyunları dörd gündür ki, davam edir. Açılış günündə kiçik, böyük bayraqlarımızla iştirak etdik, ölkəmizin idmançılarına dəstək verdik. Atletlərimiz biz olduğumuz tribunaya salam göndərdilər, sevindiklərini göstərib, şəkil çəkdirdilər. Qızıl medal olmasa da, ruhdan düşmürük, inanırıq ki, birinci yeri tutan idmançımız da olacaq. Bəzi problemlər mövcuddur. Yarış arenaları arasında məsafə çox olduğundan istədiyimiz qarşılaşmaları vaxtında izləmək çətindir, gecikmə olur. Digər tərəfdən, taksi sürücülərinin əksəriyyətinin hansısa arenaya aparmaq üçün əlavə qazanc məqsədilə uzaq məsafə qət edirlər. Məsələn, belələrinin 45 km məsafə qət etdiyi yolu başqası 12 km-ə qaytara bilir.

Azərbaycanın Belarusdakı səfirliliyindən kömək istəyirik. Xahiş edirik ki, azarkeşlərimizə avtobus ayrılsın və ya azərbaycanlı taksi sürücüləriylə əlaqələndirsinlər ki, idmançılarımıza vaxtında dəstək verək. Belarusda bizə müsbət münasibət göstərilir, bayraqlarımızı da tanıyırlar, yerli fanatlar bizə qarşı neytraldırlar. Minskdə yaşayan azərbaycanlıları idmançılarımıza dəstəyə çağırırıq".

Bəxtiyar adlı azarkeş Belarusun Azərbaycan təcrübəsindən istifadə etdiyini bildirib:

"Minskdə Bakıda təşkil olunan Birinci Avropa Oyunlarının təkrarını etməyə çalışırlar. Burda da xüsusi lövhə asılan yola başqa avtomobillər daxil olmur, ancaq idmançılar daşınır. Bakıda olduğu kimi Minskdə də könüllülər çoxluq təşkil edir. Lakin burada bəziləri məlumatsızdır. Mənə güləş zalının yeri səhv deyilmişdi".

 

Digər xəbərlər