Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazandı

Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazandı
Digər, Cüdo
23 İyun 2019 - 18:43
Supersport.Az xəbər verir ki, 2-ci Avropa Oyunlarında cüdo yarışında təmsilçimiz Rüstəm Orucov (73 kq) mübarizəyə başlayıb.

Azərbaycanın yarışdakı bayraqdarı 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlub edib.  O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Orucovun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Rüstəm olimipya çempionunu ipponla məğlub edib. Orucov 1/4 finalda erməni Ferdinand Karapetyana "vazari" fəndi ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Rüstəm, yarımfinalda əvvəlki raundda Hidayət Heydərovu ipponla məğlub edən yunan Georgios Azoidislə qarşılaşıb. Orucov yunan rəqibini də ipponla çökdürərək finalda isveçli Tommi Masiasa rəqib olub. Həlledici qarşılaşmada ipponla uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.

Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vazari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Onun 1/4 finaldakı rəqibi isə yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə ipponla uduzan Heydərov təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz bürünc medal uğrunda mübarizə aparıb. Laşa Şavdatuaşvili qalib gələn Heydərov bürünc medal qazanıb.

Qadınların yarışında isə  Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə  uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu  medalsız qalıb.

Digər xəbərlər