"Qarabağ"dan transferdə müsbət nəticə - Qurban Qurbanov açıqladı

"Qarabağ"dan transferdə müsbət nəticə - Qurban Qurbanov açıqladı
Futbol, Eksklüziv
16 İyun 2019 - 05:00
Supersport.Az-a açıqlamasında "Səbail"ə yoxlama oyununda qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası hazırlığına qiymət verib. 

Təcrübəli mütəxəssis komandasının tam hazır olmadığını bildirib:

"Komandanın indiki vəziyyəti məni qane etmir. Ancaq futbolçular istəklidirlər, yaxşı hazırlaşırlar. Komandamız hazırlığın ilk mərhələsində ümumilikdə bütün proqramı yerinə yetirib. Birinci yoxlama oyunu bir saatdan ibarət oldu, futbolçulardan razı qaldım".

Baş məşqçi, milli komandanın üzvlərinə istirahət verməsinin səbəbini açıqlayıb:

"Biilirsiniz ki, çempionatdan sonra dincəlmək üçün çox vaxtları olmamışdı. Futbolçularda həm yorğunluq,  həm də psixoloji gərginlik olduğundan yoxlama matçında istirahət vermişdim. İyunun 16-dan bir neçə futbolçu komandaya qoşulacaq".

Mütəxəssis, bu mövsüm Çempionlar Liqasının daha çətin keçəcəyini, Avrokuboklarda ölkəmizi yenə layiqincə təmsil etmək üçün bütün qüvvələrini sərf edəcəklərini qeyd edib.   

"Qarabağ"ın çalışdırıcısının fikrincə, komandası mütləq gücləndirilməlidir:

"Transfer məsələsində danışıqlar davam edir və irəliləyişlər var. Yaxın günlərdə yenilik, dəyişiklik olmasına çalışırıq. Hər halda ehtiyatlanırıq. İstədiyimiz variantların alınması üçün çox cəhd edilir. Açığı, bütün mövqelər gücləndirilməldir: müdafiədən tutmuş hücuma kimi. 

Transfer məsələsiylə bağlı çox sayda futbolçularla maraqlanırıq. 4-5 futbolçunun gətirilməsi ola bilər ki, çətin olsun. Komandaya bir neçə yeni oyunçu cəlb olunacaq".

Q.Qurbanov, ispan yarımmüdafiəçi Romero Qomesin keçidiylə bağlı müsbət nəticə əldə olunduğunu söyləyib:  

"İspan futbolçunun komandaya gəlişi gözlənilir. Bu istiqamətdə işlər müsbətə doğru gedir. Ancaq onunla tam razılıq əldə olunmayıb. Ümid edirik ki, ispan futbolçunun da transferi gercəkləşəcək".

 

Digər xəbərlər