Eksklüziv: "Qəbələ"nin dərdi var - dağılır

Eksklüziv: "Qəbələ"nin dərdi var - dağılır
Futbol, Eksklüziv
29 Aprel 2019 - 18:56
Supersport.Az-a "Qəbələ" klubuyla bağlı şok xəbər daxil olub.

Məlumatlı mənbə bildirib ki, komanda ciddi maddi problemlə üzləşib. Bir müddət əvvəl klub prezidentliyindən müəmmalı olaraq kənarlaşan Tale Heydərovun istefasından sonra Qəbələ təmsilçisi himayəsiz qaldığından vəziyyəti ağırlaşıb.

"Qəbələ"nin gələcəyinin sual altında olduğu, hətta dağılacağı ilə əlaqədar Supersport.Az-a məlumat verilib. Portalımıza klubda çalışanlardan biri deyib ki, durum o qədər ağır, acınacaqlıdır ki, komanda bəzi avtobuslarını satışa çıxarıb. Bundan başqa, klub bir neçə işçini yola salıb. Hətta sürücülər, meydançalara nəzarət edən mütəxəssislər də "Qəbələ"dən kənarlaşdırılacaq. Klubdan onlara "özünüzə iş tapın" bildirilib. Komanda, əksər işçiləriylə isə mayın sonu vidalaşacaq.

Qəbələ təmsilçisinin Avropa Liqasına vəsiqə qazanmayacağı, sponsor himayəsinə götürülməyəcəyi təqdirdə, dağılaraq tarixə qovuşacağı gözlənilir.

"Xəzər Lənkəran", "Bakı" kimi faydalı olmuş komandaların məhv olmasının ardından iki dəfə Avropa Liqasının qrup mərhələsinin iştirakçısı "Qəbələ"nin də eyni aqibəti yaşayacağı, futbolumuzda yeni faciə olacaq.

Anar Cəfərsoy

 

 

 

 

Digər xəbərlər