Azərbaycan futbolunda rüşvət iddiası - "Füzuli"nin baş məşqçisindən şok açıqlama

Azərbaycan futbolunda rüşvət iddiası - "Füzuli"nin baş məşqçisindən şok açıqlama
Futbol, Eksklüziv
21 Aprel 2019 - 12:32
Azərbaycan futbolunda şübhəli oyun olduğu aşkarlanıb. Supersport.Az bununla bağlı şok məlumat alıb.

Məsələ burasındadır ki, Region Liqasının II play-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilən "Füzuli" – "FC Baku" (ilk oyun 1:1, cavab oyunu 0:1) oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan "FC Baku" – "Şahdağ" oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Supersport.Az məsələylə əlaqədar AFFA-ya şikayət edən "Füzuli" klubuyla əlaqə saxlayıb.

Komandanın baş məşqçisi Vasif İsmayılov şübhəli oyunla bağlı bomba effektli açıqlama verərək, "FC Baku"dan, AFFA nümayəndəsi Elçin Məmmədovdan, baş hakimdən şübhələndiklərini bildirib.

Füzuli təmsilçisi, bəzi futbolçularının Bakı komandasının rəsmiləri tərəfindən "satın alındığını", bu səbəbdən qəsdən zəif oynadıqlarını düşünür.



Baş məşqçinin fikrincə, qarşılaşmada xoşagəlməz məqamlar çox olub:

"Qarşılaşmada şübhəli məqamlar çox idi. Klubumuz məlum matçla bağlı AFFA-ya şikayət edib. Ümid edirik ki, haqq-ədalət yerini tapacaq.

AFFA nümayəndəsi Elçin Məmmədov, baş hakim Teymurdan çox narazıyıq, onlardan da şübhələnirik. Komandamı 16 qarşılaşmaya çıxarmışdım, heç bir matçda qapımıza haqsız penalti təyin olunmamışdı. Son oyunda biabırçılıq oldu. Baş hakim qapımıza olmayan, absurd onbirmetrlik cərimə zərbəsi təyin etdi. O, oyunun hakimi yox, antiqəhrəmanı idi. Araşdırılmalıdır ki, onun hansı marağı olub?  

Əslində şübhəli məqamlar çoxdur. Elçin Məmmədov Füzuliyə gələndə bilindi ki, oyunu uduzacağıq. Çünki o, qarşılaşmadan əvvəl məni sorğu-suala tutub polislərə həbs etdirəcəyi ilə qorxutmağa çalışdı, hətta idman direktorumuzu da hədələdi. Onu tanıdığıma peşmanam. Elçin Məmmədov Bakıda qollu bərabərliklə bitən oyunda da var idi. Paytaxtda hakimlərin komandamıza qərəzli qərarları olsa da, heç-heçə edə bildik. Bununla bağlı şikayət etməsək də, bu dəfə geri çəkilən deyilik. Haqqın yerini alması üçün mübarizəmizi sona kimi aparacağıq. Elçin Məmmədov AFFA nümayəndəsidir, məni nəyə görə tutdurmalıdır? Komandanı baş məşqçi olaraq oyuna çıxarmaq istədiyim, heç bir qanun pozuntusu etmədiyim halda mənə qarşı niyə belə hərəkət etdi? Elçin Məmmədovun əməlləriylə bağlı da AFFA-ya şikayət etmişik".

"Füzuli"nin çalışdırıcısı, "FC Baku"nu oyun alveri etməkdə ittiham edib:

"FC Baku"nun rəhbəri Cavidan müəllimin (Cavidan Qorçuyev-red.) çıxışlarını izləyirəm, onunla 15-20 dəqiqə söhbət etdim, səmimi insandır, ancaq çox şeydən xəbərsizdir. Yaxın günlərdə komandasında kimlərin hansı işlərlə məşğul olduğunu o da biləcək".

Baş məşqçi, futbolçularının qəsdən uduzmasından şübhələnir:

"Bəzi futbolçularımdan da şübhələnirəm. Oyun təhlil olunub. Yaxın günlərdə qaranlıq məqamlara aydınlıq gələcək. Komandamıza xəyanət edənlər aşkarlansa, futboldan ömürlük qovulmalıdırlar".

Füzuli təmsilçisinin çalışdırıcısı, AFFA-dan ədalətli qərar gözlədiklərini vurğulayıb:

"AFFA-dan haqq, ədalətin bərpa olunması qərarını gözləyirik. İnanırıq ki, günahkarlar layiqli cəzalarını alacaqlar. Rəqib komandaya texniki məğlubiyyət verilməlidir, hər şey ortadadır.

Yarımfinalda "FC Baku" yox, "Füzuli" komandası "Şahdağ"a qarşı oynamalıdır. Məqsədimiz Region Liqasının qalibi olaraq, birinci diviziona vəsiqə qazanmaqdır. Güllə, top səsiylə böyüyən azarkeş ordumuz AFFA-dan doğru qərar gözləyir. Artıq yarımfinal oyununa hazırlaşırıq. Mümkün deyil ki, AFFA rəqibə texniki məğlubiyyət verməsin. Futbol qurumunun rəhbərliyinə inanır, güvənirik. Bu məsələdə haqsız qərar komandamızın gələcəyini sual altında qoya bilər.

Ədalətsiz qərar olsa, günahkarlar cəzalanmasa, ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmək məcburiyyətində qalacağıq. Bizim haqqımızı heç kim əlimizdən ala bilməz".

Qarşı tərəflərin də mövqeyini dinləməyə hazırıq.

Mübariz

 

Digər xəbərlər