Şəhid Raquf Orucovla bağlı beynəlxalq turnir

Şəhid Raquf Orucovla bağlı beynəlxalq turnir
Digər, Cüdo
17 Aprel 2019 - 10:29
Dünən cüdo üzrə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandalar arasında üçüncü "Raquf Orucov Kuboku" beynəlxalq yarışı başlayıb.
Supersport.Az-ın məlumatına görə, 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunmuş ənənəvi turnirdə  iştirak edən yerli və xarici klubların nümayəndələri aprelin 16-da Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərin xatirəsinə ehtiramlarını bildirərək məzarları üstünə güllər düzüblər. Polkovnik-leytenant Raquf Orucovun məzarı önünə əklil qoyulub.
Anım mərasiminin iştirakçılarına igid zabit və onun döyüş yolu haqqında məlumat verilib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin açılış mərasimi bu gün Bakı İdman Sarayında keçiriləcək və finala çıxan komandalar yarışın mükafatları uğrunda mübarizə aparacaqlar.
Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.

Digər xəbərlər