"Qarabağ"ın gələcək ulduzları - Video

"Qarabağ"ın gələcək ulduzları - Video
Futbol, Eksklüziv, Video
30 Mart 2019 - 12:00
ELŞAD XUDADATOV: "MARÇELLO LİPPİ DEDİ Kİ, UŞAQ MƏŞQÇİLƏRİNDƏN DƏ ÖYRƏNİRƏM"


Supersport.Az saytı "Uşaq futbolunun bu günü, gələcəyi" layihəsinə başlayır. 

Dünya təcrübəsinə diqqət yetirsək, klubların aşağı yaş qruplarından yetişən futbolçular bu gün əsas komandaların, millilərin heyətində meydan sulayır.

Uşaq futbolunun inkişafı – ölkənin əsas millisinin və müxtəlif seçmə komandaların yüksək nəticə qazanmalarının mühüm təməllərindən biri hesab olunur. Ölkəmizdə bu sahədə ciddi problemlər olduğundan yığmalarımız beynəlxalq yarışlarda uğursuz çıxış edirlər.

Məqsədimiz futbolumuzun gələcəyi, sabahı olan uşaq futbolçulara xüsusi diqqət yetirmək, bu sahəni təbliğ etmək, marağı artırmaq, istedadların üzə çıxarılmasına, problemlərin həlli yollarının göstərilməsinə nail olmaqdır.

Layihəyə ölkə futbolunda liderlər sırasında olan "Qarabağ"dan başladıq.

Uşaq futboluna xüsusi diqqət yetirən Azərbaycan klubunun yetirməsi Kənan Həsənov hazırda "Qalatasaray"ın formasını geyir. Ağdam komandasının bəzi futbolçuları Türkiyənin digər təmsilçilərinin maraq dairəsindədir.

"Qarabağ"ın U-10 komandası seçmə mərhələni zirvədə başa vuraraq, final raunduna vəsiqə qazanıb. Komandanın əsas silahı Onur Əliyev 56 qolla yarışın bombardirləri siyahısında liderdir.

"Qarabağ"ın U-10 komandasının baş məşqçisi Elşad Xudadatov 43 il futboldadır. O, 10 il Ağdam təmsilçisinin formasını geyib, Anatoli Banişevski Mingəçevirin "Avtomobilçi" klubunu çalışdırarkən həmin klubda çıxış edib.

Azərbaycanın əməkdar məşqçisi, 2009-2010-cu il mövsümündə "Qarabağ"ın əvəzedici heyətini çempion, müxtəlif yaş qruplarında komandaları turnirlərin qalibi edib.

Çempionluq - futbolçu yetişdirmək istəyi

54 yaşlı Elşad Xudadatov 22 ildir məşqçidir və hesab edir ki, ölkədə gələcəyi parlaq, istedadlı, Avropa klublarında oynamaq gücündə futbolçular var. Onun fikrincə, uşaq yaşlarından bu sahəyə mühüm diqqət, qayğı göstərilməlidir ki, futbolumuzun sabahı məhv olmasın, lazımi səviyyədə inkişaf etsin.

Mütəxəssis bildirib ki, birinci məqsəd futbolçu yetişdirib əsas komandaya vermək, digər tərəfdən, çempion olmaqdır:

"Uşaq futbolunda nəticə vacib deyil. Əsas uşaqların futbol oynamağı öyrənməsidir. Ancaq nəticə də qazanılmalıdır ki, onlarda özünəinam yaransın. Klub rəhbərliyi uşaq futbolçulara da xüsusi diqqət yetirir, qələbənin mühüm olduğunu bildirir. Futbolçular hər zaman meydana qalib gəlmək istəyilə çıxır. Qələbələr özünəinamı artırır. Rəhbərlik uğursuzluq olsa, bunu faciə hesab etmir, deyirlər ki, əsas odur futbolçu yetişdirin".


Məşqçi, komandasının seçmə mərhələdə çıxışına qiymət verib:

"Liqanın seçmə mərhələsini zirvədə başa vurmaqla yanaşı, final raunduna vəsiqə qazandıq. Bəzən kəskin hava şəraiti olmasına rəğmən, 22 turdan ibarət yarışda ümumilikdə futbolçularımız əzmkar oyun nümayiş etdirdilər, həm razı, həm də narazı qaldığım məqamlar oldu.
Belə yarışın təşkili futbolumuzun inkişaf etdirilməsi üçün mühümdür. Paytaxtdan həlledici mərhələyə 5 komanda vəsiqə qazandı.
Aprelin 2-də pley-offun püşkü olacaq, 7-də isə 16 komandanın iştirakıyla mübarizə yenidən başlayacaq. Gələn ayın 27-də isə qalib komanda müəyyənləşəcək.
Əsas rəqiblər qrupumuzda bizdən sonra 4 yeri tutan komandalardır. Hesab edirəm ki, çempion ola bilərik".

"Qarabağ"ın çalışdırıcısı, futbolçularının Avropa klublarında çıxış etmək potensialına malik olduğunu qeyd edib:

"Komandamızda istedadlı, potensiallı, Avropa klublarında oynamaq gücündə futbolçular var. Futbolçulardan Onur Əliyev, Əli Bəşirov, Amin Mustafayev, Mikayıl Məmmədov, Amin Rzayev, İbrahim Hüseynov, Rauf Əyyubov və başqalarını qeyd edərdim. Oyunçuların Avropa klublarında oynaması üçün üzərimizə daha çox məsuliyyət düşür. Çalışırıq ki, onları həm insan, futbolçu olaraq yüksək səviyyədə hazırlayaq, həm də qidalarına da nəzarət edək. Komandamızda uşaq futbolunun inkişaf etdirilməsində aşağı yaş qrupları üzrə əlaqələndirici Borçe Xristovun da əməyi var".



















"Süni meydanda oynamalıyıq, neyləyək?"

AFFA-nın təşkil etdiyi yarış süni meydançalarda keçirilir. Mütəxəssislərin rəyinə əsasən, belə örtükdə oynamaq futbolçuların tez-tez zədələnməsinə, gələcəkdə cərrahiyyə əməliyyatı olunmasına səbəb olur.

"Qarabağ"ın baş məşqçisi, süni meydanda oynamaq məcburiyyətində olduqlarını deyib:

"Təbii meydançanı saxlamaq çox çətindir. Bu səbəbdən süni örtükdə oynamaq məcburiyyətindəyik. Bunun uşaqlara ziyanı olur. Ancaq neyləyək? Məcburi olsa da, oynamalıyıq".


AFFA hakim səhvlərini düzəltməlidir

AFFA-nın bəzi hakimlərinin səhvi ucbatından "Qarabağ"ın əsas silahı Onur Əliyev ədalətsizliklə üzləşib. Məsələ burasındadır ki, referilər istedadlı futbolçunun iki oyunda vurduğu iki qolu komandasının başqa oyunçularının adına yazıblar. Onur ümumilikdə 56 dəfə rəqib qapılarına yol tapsa da, AFFA iki qol az qeyd edib. Bu da futbolçunun bombardirlər siyahısında lider yox, ikinci sırada yer almasına səbəb olub.

"Qarabağ"ın baş məşqçisi E.Xudadatov hakimlərin bəzən səhv etdiklərini söyləyib:

"Oyunları gənc hakimlər bildikləri qədər idarə edirlər. İki-üç il əvvəllə müqayisədə irəliləyiş nəzərə çarpır. Hakimlər bəzən cüzi səhvlərə yol verirlər".

AFFA-nın Hakimlər Komitəsinin avstriyalı sədri Fritz Ştuxlik, məlum səhvin düzəldilməsi üçün göstəriş verməlidir. "Qarabağ" futbol qurumuna müraciət etsə də, hələ ki, buna məhəl qoyulmayıb.

AFFA, yarışda ədalətin təmin olunmasına cavabdehlik daşıyır və səhvi mütləq düzəltməlidir. Nəzərdən qaçırılmamalıdır ki, başqa bombardirlər də eyni aqibəti yaşaya bilər və bu, həm onların həvəsdən düşməsinə, həm də sonda mükafat qazanmasına maneçilik törədər.

"Qarabağ"ın əsas silahından bir oyunda 5 qol

Seçmə mərhələnin son turunda "Qarabağ"ın "Stars United"i 9:2 hesabıyla məğlub etdiyi qarşılaşmada qalib komandanın futbolçuları ağıllı, mübariz oyunla diqqət çəkdilər. Ağdam klubunun əsas silahı Onur Əliyev 5 qol vurmaqla istedadını, daha çox bacarıqlı olduğunu ortaya qoydu.
"Qarabağ"ın aparıcı futbolçusu, həm çempion, həm də bombardir olmaq istədiyini qeyd edib.
Onur Əliyev ümid edir ki, AFFA hakim səhvini düzəldəcək.


"Avropa mütəxəssisləri hər zaman öyrənməyə çalışırlar"

14 il əvvəl İtaliyanın Florensiya şəhərində təcrübə keçən Elşad Xudadatov, dünyanın məşhur futbol mütəxəssisi Marçello Lippi ilə görüşüb.
Azərbaycanlı məşqçi, italiyalı məşqçi Lippinin onunla söhbət zamanı maraqlı fakt danışdığını diqqətə çatdırıb:

"2005-ci ildə İtaliyada təcrübə keçdik. Komandalar qum-torpaq qarışığından olan meydançalarda çalışırdı. İtaliya milli komandasının baş məşqçisi Marçello Lippi bizimlə söhbətdə dedi ki, nəvəmi uşaq futbolu mütəxəssislərinin hazırlığına aparıb məşq prosesində bəyəndiyim məqamları qeyd edirəm və milli komandada bu yeniliklərdən faydalanıram. Avropa futbolunun müsbət xüsusiyyətlərindən biri də budur ki, tanınmış mütəxəssisləri belə hər zaman öyrənməyə çalışırlar".

70 yaşlı Lippi, məşqçilik karyerasında “Yuventus”a 5 dəfə İtaliya çempionluğu, 4 dəfə Superkuboku, 1 dəfə ölkə kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu, Qitələrarası Kuboku, İtaliya yığmasına isə 2006-cı ildə Dünya Kubokunu qazandırıb.

"Yığma komandaya pressinq futboluyla uğur qazandıra bilərəm"

Türkiyəli tanınmış mütəxəssis Həmdi Sərpil Tüzünün "Qarabağ"da uşaq futbolunun inkişaf etdirilməsində əməyi olub. Bu məşqçi vaxtilə qardaş ölkənin U-18, U-16 yığmasını Avropa çempionu edib. "Beşiktaş", "Sivasspor", "Antalyaspor" klublarında çalışan mütəxəssis, Sərgən Yalçın, Okan Buruk, Əmrə Aşık, Fatih Təkkə, Oqtay Dərəlioğlu, Yıldıray Baştürk kimi futbolçuların yetişməsində böyük rol oynayıb.



Həmdi Sərpil Tüzünün təcrübəsindən faydalanan "Qarabağ"ın çalışdırıcısı Elşad Xudadatov, hesab edir ki, pressinq futboluyla ölkəmizə Avropada uğurlar qazandıra bilər:

"Hər məşqçinin oyun fəlsəfəsi olur. Mən pressinq futbolunu tətbiq etməyi xoşlayıram. Bunu dəfələrlə təcrübədən keçirmişəm və çox effektli olduğunu görmüşəm. Pressinq futbolunun incəliklərini Türkiyənin U-18 yaşlılarını Avropa çempionu edən, "Qarabağ"da çalışmış təcrübəli mütəxəssis Həmdi Sərpil Tüzündən öyrənmişəm. Əvəzedici heyəti bu sistemin tətbiqiylə ölkə çempionu etdik. Klub rəhbərliyinə də təşəkkür edirəm.

İnanıram ki, ölkəmiz də rəqibə aid meydanda pressinq futbolundan faydalansa, Avropada böyük uğurlara imza ata bilərik.

54 yaşım var və çox istərdim ki, futbolumuza daha çox xeyir verim. U-17, U-19 yığma komandalarımızdan birində işləyib bu sistemi tətbiq edərək, dövlətimizə yüksək nəticələr qazandırmaq arzusundayam".

Anar Cəfərsoy, [email protected]

Digər xəbərlər