Rus, erməni hakimlər yığmamıza haqsızlıq edib

Rus, erməni hakimlər yığmamıza haqsızlıq edib
Digər
20 Mart 2019 - 16:09
Yeniyetmə ağır atletlər arasında ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya birinciliyində və 22 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığma komandasının üzvləri ilə Gənclər və İdman Nazirliyində (GİN) görüş keçirilib.

Supersport.Az-ın məlumatına görə, qələbə münasibətilə idmançıları təbrik edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançıların çıxışını müsbət qiymətləndirib, onlara Yay Olimpiya Oyunlarında da uğur qazanmağı arzulayıb.

Ağır atletlərimizin ABŞ-da böyük uğura imza atdıqlarını deyən Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov bildirib ki, bu heyət gələcəkdə əsas komandanın heyətinin formalaşmasında böyük rol oynayacaq:

"Bu uğur böyük zəhmətin və gərgin hazırlığın nəticəsidir. Dövlət ölkəmizdə idmanın digər növləri kimi, ağır atletikanın da inkişafına yüksək diqqət və qayğı göstərir. Bu etimadı qarşıdakı yarışlarda da layiqincə doğrultmalıyıq".

Milli komandanın baş məşqçisi Asif Məmmədov yeniyetmə idmançılara böyük ümidlər bəslədiyini, qazanılan nəticədən razı qaldığını deyib:

"Yarışa tam heyətlə gedə bilmədik. Zədələr bəzi idmançıların ABŞ-a getməsinə əngəl oldu. Buna baxmayaraq, bu dəfə dünya birinciliyində daha çox medal qazana bildik".

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov Avropa çempionatında üç medal qazandıqlarını, hakimlərin ədalətsizlik etdiyini qeyd edib:

"Biz Avropanın ən güclü yığmaları ilə rəqabət aparırıq. Nəticə və idmançılarımızın çıxışı qənaətbəxş oldu. Medallarımızın sayı daha çox ola bilərdi. Ancaq hakimlərdən narazı qaldıq. Rusiyalı, İsraildən olan erməni referi də ədalətsizlik etdi. Təəssüf ki, hazırda boksda etiraz etmək mümkün deyil. Amma növbəti dünya çempionatında bu problemin aradan qaldırılması planlaşdırılır. Yarışda videotəkrar sisteminin tətbiq olunması da gözlənilir. Bizim uduzduğumuz döyüşlərdə eyni hakimlər yer almışdı. Onların da başında erməni əsilli referi dururdu. Məsələn, Rüfət Hüseynovun döyüşünə baxsaq, boksçumuz qələbə qazanmışdı. Lakin üstünlük rəqibə verildi və o, növbəti mərhələyə adladı. Bütün bunlarla bağlı AIBA-ya şikayət məktubu ünvanlamışıq".

Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayevin sözlərinə görə, hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticə qənaətbəxşdir.

Milli komandanın baş məşqçisi Vaqif Şirinov yarışın gənclərin inkişafı üçün mühüm turnir olduğunu, heyətdə yer alanların gələcəkdə əsas komandanı təşkil edəcəyini vurğulayıb:

"Gələcəkdə əsas yığmanın heyətinin 50 faizi dəyişəcək, yeni adlar olacaq. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər. Çempionat göstərdi ki, düzgün yoldayıq".

Xatırladaq ki, martın 8-dən 16-dək 44 ölkədən 200-ə yaxın ağır atletin mübarizə apardığı dünya birinciliyində milli komandamızın beş üzvündən 4-ü yarışı medalla başa vurub. Ömər Cavadov (55 kiloqram çəki dərəcəsi) və Rüstəm Qasımov (67 kiloqram) birdən qaldırma hərəkətində bürünc medal qazanıblar. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medal əldə edib. Sonda isə Rəhman Kazımov 102 kiloqramdan yuxarı çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medala sahib olub.

Bu göstərici ilə Azərbaycan yığma komandası ölkəmizin ağır atletika tarixinə uğurlu çıxış kimi düşüb. Dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında 5-ci yeri tutub. Ümumi medal sayına görə isə komandamız 10-cu pillədə qərarlaşıb. Bu, milli komandamızın indiyədək qazandığı ən yüksək nəticədir.

Rusiyanın Vladiqafqaz şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatını Azərbaycan millisi 1 qızıl və 2 bürünc medalla başa vurub. Komandamızın lideri Məhəmməd Abdullayev (+91 kq) Avropa çempionu olub. Boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurka 5:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) isə bürünc medala sahib olublar.

 

Digər xəbərlər