Kriştiano Ronaldo 700 qol vurub

Kriştiano Ronaldo 700 qol vurub
Futbol
13 Mart 2019 - 21:15
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində ötən gün "Atletiko" ilə qarşılaşmanın 86-cı dəqiqəsində "Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldonun 11 metrlik cərimə zərbəsindən vurduğu qol onun karyerasında rəsmi matçlarda 700-cü qolu olub.

Supersport.Az, xarici mətbuata istinadla xəbər verir ki, portuqaliyalı hücumçu bu göstəriciyə 987 oyunda nail olub. Ronaldo rəsmi qarşılaşmalarda vurulan qolların sayına görə altıncı sırada qərarlaşıb. Siyahıya Yozef Biçan başçılıq edir. Çexiyalı futbolçu 530 oyunda 805 qol vurub. 1994-cü ildə Braziliya millisinin heyətində dünya çempionu olan Romario isə 994 görüşdə 772 qolla ikinci pillədə yer alıb.

Dünya futbolunun əfsanəsi braziliyalı Pele iştirak etdiyi 831 rəsmi oyunda 767 qolla üçüncüdür. Dördüncü yerdə 754 oyunda 746 qol vuran macarıstanlı Ferens Puşkaş, beşinci sırada isə 793 görüşdə 735 dəfə fərqlənən almaniyalı Gerd Muller qərarlaşıblar.

Kriştiano Ronaldonun ən böyük rəqibi "Barselona"nın argentinalı hücumçusu Lionel Messi isə 855 oyunda 678 qol ilə siyahıda yeddincidir.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2018-ci ilin yayında "Real Madrid"dən "Yuventus"a transfer olunub. O, cari mövsümdə 36 oyunda 19 dəfə fərqlənib və 8 məhsuldar ötürmə verib. Ötən gün "Atletiko Madrid" ilə cavab qarşılaşmasında het-trik edən portuqaliyalı hücumçu, "Yuventus"un dörddəbir finala yüksəlməsində həlledici rol oynayıb.

 

Digər xəbərlər