Hacı Əliyev: "Tam forma yığmağıma çox az qalıb"

Hacı Əliyev: "Tam forma yığmağıma çox az qalıb"
Digər, Güləş
11 Fevral 2019 - 23:52


Bu il bir çox idman növlərində olduğu kimi, güləşdə də Tokio Olimpiadası üçün lisenziya mübarizəsinə start veriləcək.




İlk belə yarış sentyabrda Astanada keçiriləcək dünya çempionatı olacaq. Ona qədər isə pəhləvanlarımızı apreldə Buxarestdə baş tutacaq Avropa çempionatı və iyunda Minskdə təşkil olunacaq Avropa Oyunları gözləyir. Hər zaman olduğu kimi, bu yarışlarda da güləşçilərimizdən uğurlu çıxış gözlənilir.Belə idmançılardan biri də 3 qat dünya çempionu Hacı Əliyevdir. Sərbəst güləşçimiz əvvəlki kimi qələbəyə iddialıdır.


Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verən 27 yaşlı yığma üzvü, son durumu və yanvarda Hindistanda keçirilən klub yarışı haqqında bunları deyib:


"Ötən ilin sentyabrında Belarusda keçirilən yarışda dizimdən zədələndikdən sonra bir aya yaxın məşq etmədim. Ona görə də dünya çempionatında uğursuzluqla üzləşdim. Şükürlər olsun, artıq ağrılarım yoxdur, zədəm tam sağalıb. Ancaq hələ optimal formada deyiləm. Hindistanda keçirilən turnirdə pis çıxış etmədim. Tam forma yığmağıma çox az qalıb. Əsas odur ki, ağrılar yoxdur. Hindistanda çıxış etdiyim komanda 4-cü oldu. Yeni ilə uğurlu start üçün həmin yarış mənə çox vacib idi. Yalnız son dünya çempionatının finalçısı Bayranq Puniaya uduzdum. Dünya çempionatından sonra heç bir yarışda iştirak etməmişdim. Uzun müddət heç məşq də etməmişdim. Zədəmi aradan qaldırdıqdan sonra Pro Wrestling Liqaya qatıldım. Bu üzdən Puniayla görüşdə də formada deyildim. Hərçənd məğlubiyyətimdə hakimlərin də rolu oldu. Rəqibə 2 xal artıq verildi. Görüş onun vətənində keçirildiyindən hakim köməyinin olması təbiidir. Ancaq son saniyələrdə etdiyim fənd alınsaydı, qələbə qazanacaqdım..."



Hacı çəkisində güclü rəqabətin olduğunu da bildirib:


"65 kq ən güclü çəkilərdən biridir. Bütün rəqiblər çətindir. Bildiyiniz kimi, bu il dünya çempionatı lisenziya xarakteri daşıyacaq. Bütün güləşçilər var gücünü ortaya qoyacaq. Fikrimcə, əsas rəqiblər Rusiya, Kuba, Hindistan və Yaponiya güləşçiləri olacaq. İkinci Avropa Oyunlarında isə Rusiya idmançısıyla yanaşı, Gürcüstan və Ukrayna təmsilçilərini də təhlükəli rəqib saymaq olar. Əlimdən gələni edəcəyəm ki, yaxşı nəticə göstərim. Neçə ildir güləşdəyəm, təcrübəm yetərincədir. Sadəcə, bir qədər fiziki gücü artırmaq lazımdır".

Digər xəbərlər