Mirça Luçesku istefaya göndərildi: Şenol Günəş təyin oluna bilər

Mirça Luçesku istefaya göndərildi: Şenol Günəş təyin oluna bilər
Futbol
11 Fevral 2019 - 19:40
Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçesku ilə yollarını ayırıb.

Supersport.Az xəbər verir ki, federasiyanın rəsmi saytının yaydığı məlumatda rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulduğu bildirilib.

Luçesku istefa haqda danışıb:

"Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək hədəfi ilə çıxdığımız yolda işimizi tamamladığımıza inanıram. Avro-2020-nin seçmə mərhələ oyunları öncəsi federasiya rəhbərliyi və yeni baş məşqçinin yolunu açmaq üçün qarşılıqlı anlaşma əsasında bu qərarı qəbul etdik. TFF prezidenti Yıldırım Dəmirörən və idarə heyətinə burada olduğum müddətdə mənə inandıqları və dəstək olduqları, məşqçilər heyətinə isə işimdə mənə kömək etdikləri üçün təşəkkürümü bildirirəm. Türkiyənin həmişə qəlbimdə xüsusi yeri olacaq".

Luçesku 2017-ci ilin yayında TFF ilə 2+1 illik müqavilə imzalamışdı. Türkiyə millisi onun başçılığı altında keçirdiyi 17 görüşün yalnız 4-də qələbə qazana bilib. 7 qarşılaşmada uduzan ay-ulduzlular 6 dəfə isə heç-heçə edib.

Baş məşqçi vəzifəsini mövsümün sonuna qədər müvəqqəti olaraq Tayfur Havutçu icra edəcək. Yeni çalışdırıcı isə Şenol Günəşin təyin olunacağı gözlənilir.

Digər xəbərlər