Kamran Quliyev "Neftçi"nin böyük hədəflərini açıqladı

Kamran Quliyev "Neftçi"nin böyük hədəflərini açıqladı
Futbol
08 Fevral 2019 - 16:06
"QARABAĞ"DAN İRƏLİ OLSAQ DA, DÖYÜŞ DAVAM EDİR"

Supersport.Az-ın məlumatına görə, premyer liqamızın lideri "Neftçi"nin prezidenti Kamran Quliyev İtaliya mətbuatına müsahibə verib. 

O, "tuttomercatoweb"ə söhbətə klubun tarixi və uğurlarından körpü salıb:

"Neftçi" 1937-ci ildə yaradılıb və uzun müddət "Neftyanik" və ya "Neftçi" adları ilə mübarizə aparıb. Komanda 1966-cı il SSRİ çempionatında bürünc medal qazanıb. Həmin il SSRİ yığması klubumuzun futbolçusu və ən yaxşı bombardiri Anatoli Banişevskinin qolları sayəsində İngiltərədəki dünya çempionatında 4-cü yeri tutub. Müstəqillikdən sonra Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu da biz olmuşuq. Qrupdakı ilk matçımızda İtaliya "İnter"inə Bakıda 1:3 hesabı ilə uduzsaq da, "San Siro"da böyük uğur qazanaraq, 2:2 hesablı heç-heçə etmişik".
"Neftçi"nin prezidenti  italiyalı mütəxəssis Roberto Bordinin kluba gətirilməsi ilə bağlı fikirlərini bildirib:


"Mövsümün startı ərəfəsində baş məşqçi axtarırdıq. Roberto Bordinlə tanış olduq. Onun barəsində çoxlu müsbət fikirlər səsləndirilmişdi. Şəxsi keyfiyyətləri və idarəçilik bacarığı seçimimizdə əsas rolu oynadı. Hazırda çempionatın lideriyik. Ötən tur "Qarabağ"la la səfərdə 1:1 hesablı heç-heçə etdik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir".

Qış transferində Canluka Sansoneni transfer etdiklərini deyən K.Quliyev, komandaya başqa italiyalı futbolçuların alınacağını istisna etməyib:

"Hücum xəttini gücləndirmək üçün uzun müddət axtarış etdik. Lakin qış transfer dövründə oyunçu tapmaq imkanları bir qədər məhdud olur. Canluka Sansone İtaliyada çox məşhur futbolçudur. Keçmiş məşqçilərindən bir neçəsinin fikirlərini öyrəndikdən sonra onu transfer etməyə qərar verdik. Sansonenin uğurlu oyunçu olacağına təminat almışıq. Bizim akademiyamızda daha bir italyan var. Lorenso Mezzotero çox istedadlı hücumçudur. Atası Azərbaycanda neft şirkətində çalışır. İtaliya futbolda liderlərdəndir. Bu ölkədən olan futbolçuları almaq asan deyil. Sansonenin transferi yeni futbol macəralarına ehtiyac duyan italiyalı digər futbolçuların Azərbaycana yolunu aça bilər. Ölkəmizdə futbol sürətlə inkişaf edir və gələcəkdə italiyalı futbolçuların sayının get-gedə çoxalması da mümkündür. Canluka Azərbaycan Premyer Liqasında ilk italiyalı oyunçudur. Ümid edirik ki, digərləri də bura gələcəklər".

Klub rəhbəri, yaxın gələcəkdə "Neftçi"nin əvvəlcə Avropa Liqası, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyi qarşıya məqsəd qoyduğunu vurğulayıb.

Digər xəbərlər