"Qarabağ atları bu yarışda möhtəşəm olduqlarını göstərdilər"

"Qarabağ atları bu yarışda möhtəşəm olduqlarını göstərdilər"
Digər
31 Yanvar 2019 - 11:11
Gənclər və İdman Nazirliyində Azərbaycanın "Land of Fire" polo komandası, karate və cüdo üzrə milli komandamızın üzvləri ilə görüş keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev, Azərbaybaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, federasiyanın baş katibi Mirhəsən Seyidov, cüdo üzrə milli komandamızın böyük məşqçisi Elxan Məmmədov, məşqçi və idmançılar, media nümayəndələri iştirak ediblər.
Nazir müavini İ.İsmayılov İsveçrənin Sankt Morits şəhərindəki ənənəvi qış polosu üzrə Dünya Kubokunda "Land of Fire" komandasının 3-cü yer tutmasını, Fransanın paytaxtı Parisdəki Karate1 Premyer Liqa turnirində yığmamızın dünyada tanınmış üzvü Rafael Ağayevin (75 kq) gümüş medal qazanmasını və İsrailin paytaxtı Təl-Əvivdəki cüdo üzrə Qran-pri yarışında İrina Kinderzkanın (+78 kq) qızıl, Məmmədəli Mehdiyevin (90 kq) bürünc medala yiyələnməsini yüksək dəyərələndirib: "Land of Fire" komandasının kollektiv idman növündə uğur qazanmasını xüsusi qeyd edərdim. Bu uğurda federasiya rəhbərliyinin də rolunu vurğulamaq yerinə düşər.
Azərbaycanda cüdo növü inkişafdadır. Bu sahəyə göstərilən diqqət öz bəhrəsini verməkdədir. Bundan sonra da cüdoçularımızın daha böyük uğurlar əldə edəcəklərinə inanıram.
Karateçimiz Rafael Ağayevi də təbrik edirəm. Onun "Tokio 2020"də də sözünü deyəcəyinə əminəm. Sevindirici haldır ki, karate olimpiya oyunlarının proqramına daxil edilib.
Qarşıdan "Minsk-2019" II Avropa Oyunları gəlir. Həmçinin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər başlayıb. Azərbaycanda idmana göstərilən diqqət və qayğı daim öz bəhrəsini verməkdədir. Təkcə may ayında ölkəmizdə 8 beynəlxalq yarış keçiriləcək. Bu da bizim idman ölkəsi olmağımızın bariz nümunəsidir".

ARAF-ın baş katibi B.Nəbiyev isə polo komandamızın bir neçə dəfə tarixi nəticələr qazandığını vurğulayıb:

"İsveçrədə keçirilən yarış elit turnirdir. Bu yarış donmuş gölün üzərində baş tutur. Finala gedən yolda keçirilən görüşdə bir neçə idmançımız zədələndiyi üçün bürünc medal uğrunda mübarizə aparmalı olduq. Üçüncü yer uğrunda görüşdə 5:0 hesabı ilə qalib gəldik. İlk dəfə Qarabağ atları bu yarışda möhtəşəm olduqlarını göstərdilər.

Ümid edirik ki, polo idman növü yenidən olimpiya oyunlarının proqramına qaytarılacaq".

Qeyd edim ki, 2020-ci il Avropa çempionatı Azərbaycanda keçiriləcək. Sentyabr-oktyabr aylarına planlaşdırılan yarışda 8 komanda iştirak edəcək".

Digər xəbərlər