UEFA-nın ulduz səfiri Ernan Krespo: "Azərbaycanda çalışmaq istərdim" - Video

UEFA-nın ulduz səfiri Ernan Krespo: "Azərbaycanda çalışmaq istərdim" - Video
Futbol, Video
23 Dekabr 2018 - 18:59
Supersport.Az-ın məlumatına görə, gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində UEFA-nın ulduz səfiri qismində Azərbaycana səfərində dünya şöhrətli argentinalı futbolçu Ernan Krespo jurnalistlərə müsahibəsində belə deyib.


43 yaşlı sabiq hücumçu Bakıya ilk dəfə gəldiyini bildirib:

"İlk dəfədir Azərbaycana səfər edirəm. Təəssüf ki, ölkənizi gəzmək imkanım olmadı. Növbəti dəfə gələndə çalışacağam ki, daha çox vaxtım olsun və gözəl paytaxtınız ilə yaxından tanış olum".

E.Krespo Bakıda keçiriləcək Avropa Liqasının final matçını izləmək istəyində olduğunu söyləyib:

"Bu yaxınlarda Argentinanın "Banfild" komandasına baş məşqçi təyin olunmuşam. Ola bilsin, işlə əlaqədar gəlməyim. Çalışacağam ki, gələn il Bakıda təşkil olunacaq final oyununa gəlim".

"Finalda hansı komandanı görmək istərdiniz" sualına məşhur futbolçu, gülərək belə cavab verib:

"Çelsi", "İnter" və "Latsio" klublarından ikisini final qarşılaşmasında görmək istərdim. Bu komandaların heyətində çıxış etmişəm və onlara böyük hörmətim var. Azərbaycan komandalarının adını çəkdiyim kollektivlərin ikisiylə oyunlarını izləyə bilməmişəm. Amma digər komandalara baxmışam.  Cari mövsümdən Avropa Liqası çox güclü turnirə çevrilib. Qitə nəhəngləri bu yarışda birincilik uğrunda mübarizə aparırlar". 

Krespo təşkilatçılıq haqda müsbət fikirlər söyləyib:

"Hava limanındann birbaşa bura gəldim. Təşkilatçılıq yüksək səviyyədədir. İmza günündə mənimlə görüşmək üçün gələn hər kəsə öz təşəkkürümü bildirirəm. Bu tədbirdən çox böyük həzz aldım. Düşünmürdüm ki, Bakıda mənim bu qədər azarkeşim var".

Dünya şöhrətli futbolçu, gələcəkdə Azərbaycanda çalışmaq arzusunu çatdırıb:

"Gələcəkdə hansısa komandaya rəhbərlik etməyi düşünürəm. Amma hər şeyi gələcək göstərəcək. Əlbəttə, çalışmaq istədiyim komanda var. Bəlkə Azərbaycana gələcəyəm? Bilmək olmaz".

Qeyd edək ki, "İnter" komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Krespo "Parma" klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. O, 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

Süleyman Kərimov  

Digər xəbərlər