"Muhamməd Əliyə çata bilmərəm" - Həbib Nurmuhammədov

"Muhamməd Əliyə çata bilmərəm" - Həbib Nurmuhammədov
Digər
01 Noyabr 2018 - 19:48
"ƏRDOĞANLA MƏŞQ EDİB, TÜRKCƏ DANIŞACAĞAM"

Supersport.Az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində dünyanın ən yaxşı hava limanının açılışında iştirak edən UFC çempionu, döyüş sambosunun ikiqat dünya çempionu Həbib Nurmuhammədov maraqlı açıqlamayla gündəmə gəlib.



Avar əsilli, dağıstanlı idmançı müsəlmanlar, türklər haqda müsbət fikirlər bildirib.

O, son döyüşün ardından azarkeşlərə hücumuna haqq qazandırıb.

"Konorla döyüşdən sonra mən pis nəsə etmədim. Qürurumu, dinimi, ailəmi qorudum, səhv etmədim. Məni cəzalandırmaq istəyirlərsə, döyüşdən əldə etdiyim bütün qazancı alsınlar, 10 il cəza versinlər. Mənim üçün fərqi yoxdur. Mən kişi kimi lazım olanı etdim".

Həbib Nurmuhammədov, Muhamməd Əliyə bənzəmədiyini söyləyib:

"İnsanlar məni bir az Muhamməd Əliyə bənzədirsə, bununla fəxr edərəm. Ancaq mən bənzədiyimi düşünmürəm. O, çox çətin şərtlərdə döyüşdü. İrqçiliyə qarşı mübarizə apardı. Onun yaşadıqları çox ağır idi. Muhamməd Əlinin səviyyəsinə belə yaxın deyiləm. Həyatım boyu onun döyüşlərini izlədim. Biri mənə 30 yaşıma çatanda bu səviyyədə olacağımı və Muhamməd Əliylə müqayisə olunacağımı desəydi buna inanmazdım. Muhamməd Əli müsəlman idi. Mən də beləyəm. Bu baxımdan bənzərliyimiz var".

Çempion, qarşıda iki döyüş keçirmək istəyini açıqlayıb:

"Floyd Meyvezerlə döyüşüm möhtəşəm olar. Bütün zamanların ən yaxşı boksçusudur. Azarkeşlərin maraq göstərəcəyinə əminəm. İki fərqli döyüş keçirmək üçün razılaşarıq. İlk döyüşü boks qaydalarına görə rinqdə, digərini qaydasız döyüş meydanında keçirərik. Belə daha ədalətli olar".

Dağıstanlı idmançı, "Qalatasaray"a marağından danışıb:

"Mahaçqalada kollecdə bir yarışda komandam ikinci oldu. Mükafat olaraq "Qalatasaray" forması verildi. Mən də həmin vaxtdan böyük həvəslə geydim. İndi də formaya sevgim çoxdur. Konorla döyüşün ardından "Qalatasaray" məni sosial şəbəkədən təbrik etdi. Buna çox şad oldum".



Nurmuhammədov türklərə təşəkkür edib:

"Türk azarkeşlərə bütün dəstəkləri üçün təşəkkür edirəm. Döyüşlərimi izlədiklərini bilirəm. Türkiyədən aldığım dəstəyi Avropa və ABŞ-da anlamırlar. Bunun ilk səbəbi hamımızın Müsəlman olmasıdır. Allah, "Türklər, ərəblər öz aralarında qardaşdır" demir. "Möminlər qardaşdır" deyir. Buna görə Türkiyədən çox dəstək görürəm. Hər kəsə qiymət verdiyi üçün təşəkkürümü bildirirəm".

Həbib, türk dilini öyrənib, prezident Ərdoğanla danışacağını vurğulayıb:

"Türkiyə ilə əlaqələri gücləndirəcəyəm, türk dilini öyrənəcəyəm. Bura yenidən qayıdacağam. Prezident Ərdoğanla görüşəcəyəm. Onunla məşq edib, türkcə danışacağam" ("Bein sports").

Digər xəbərlər