Boksçumuz iki ermənini mübarizədən kənarlaşdırdı

Boksçumuz iki ermənini mübarizədən kənarlaşdırdı
Digər, Boks
11 Oktyabr 2018 - 20:13
Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. 31 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 6 boksçusu qüvvəsini sınayıb.

Supersport.Az-ın məlumatına görə, onlardan 5-i döyüşünü qələbə ilə başa vurduğu halda, 1-i çempionatla vidalaşıb.

Belə ki, boksçularımızdan Əli Zamanov ikinci sınağından da qalib ayrılıb. 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hayk Alaberkyanın (Ermənistan) ardından Rusiyanı təmsil edən erməni əsilli Eduard Voskanyanı da yarışdan kənarlaşdırıb. Zamanov rəqibini 3:2 (28:29, 30:27, 27:30, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Krasimir Çurovla (Bolqarıstan) qarşılaşacaq. Görüş oktyabrın 13-də baş tutacaq.

Vaqif Kazımovun rəhbərlik etdiyi komandada Turğay Mirzəyevin (57 kq) də debütü uğurlu alınıb. O, serbiyalı Branko Zeremskiyə tam üstünlüklə qalib gəlib. Mirzəyev 1/8 final qarşılaşmasında belaruslu Vladislav Stselmaxovu sınağa çəkəcək.

Yığma üzvlərindən Eldar Babayev (60 kq) də rəqibinə şans verməyib. Belaruslu Yan Krukovskini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançımız 1/8 finalda gürcüstanlı Giorgi Qeqetçxori ilə gücünü yoxlayacaq.

Elmir Novruzovun da ilk qarşılaşması asan alınıb. 63 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz şotlandiyalı Cey Delaneyə 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:26) hesabı ilə qalib gəlib. Novruzov 1/8 final mərhələsi çərçivəsində George Banse (İngiltərə) ilə münasibətinə aydınlıq gətirəcək.

70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Quliyev isə monteneqrolu Miloş Krasniçi ilə dueldən üstün ayrılıb. Rəqibini 4:1 (28:29, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Nikolay Zafirovla (Bolqarıstan) üz-üzə gələcək. Döyüş sabah olacaq.

Bu boksçulardan fərqli, Əzrək Bəbirov (54 kq) məğlubiyyətə üzülüb. Çexiyalı Dominik Stepaneklə qarşılaşan boksçumuz 1:4 (28:29, 28:29, 28:29, 28:29, 29:28) hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

Digər xəbərlər