Rəşad Sadıqov: "Oyun bizim üçün qorxulu yuxu oldu" - Video

Rəşad Sadıqov: "Oyun bizim üçün qorxulu yuxu oldu" - Video
Futbol, Video
05 Oktyabr 2018 - 08:01


Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzan "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Çoxlu sayda qol epizodları yaratdıq və heç birindən yararlana bilmədik. Düşünürəm ki, çox yaxşı oyun keçirdik.

- Qol epizodlarından yararlana bilməməyiniz nə ilə bağlı idi: həyəcanla, yoxsa ustalıq səviyyəsi ilə?
 - Biz heç Premyer Liqanın oyunlarında bu qədər çox qol epizodu əldə edə bilmirik. Çoxlu sadə epizodlarda fərqlənməyi bacarmadıq. Oyun bizim üçün qorxulu yuxu kimi keçdi. Düzdür, sonda bütün komanda ilə irəli atıldığımız üçün "Arsenal" da bir neçə qol epizodu əldə etdi. Bəlkə də Avroliqadakı ən yaxşı oyunlarımızdan birini keçirdik.

- Kənardan oyunu izləmək necə hiss idi: Meydana daxil olub oynamaq istəyirdiniz?

- Oyunu sakit şəkildə izləyirdim. Bir neçə real qol epizodunu əldən verdikdən sonra sanki içimdə elə hiss yarandı ki, meydandan yaxşı nəticə ilə ayrıla bilməyəcəyik. Belə oyunlarda əlinə düşən şansları boşa xərcləyəndə istədiyin nəticəni qazana bilmirsən.

- Azarkeşlərlə bağlı nə deyə bilərsən? 2 və 3-cü qoldan sonra artıq stadionu tərk edirdilər...

- Buna fikir vermədim. Bizə möhtəşəm dəstək oldular. Hər birinə təşəkkür edirik. Yaxşı nəticə qazanıb onları sevindirmək istəyirdik, amma olmadı.


Digər xəbərlər