Cüdoçumuz gümüş medal qazandı

Cüdoçumuz gümüş medal qazandı
Digər, Cüdo
26 Sentyabr 2018 - 18:58
“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşanqi Kokauri dünya çempionatının gümüş mükafatını qazanıb.

Supersport.Az xəbər verir ki, 26 yaşlı idmançı Bakıda keçirilən turnirdə fərdi yarışların son günündə tatamı üzərinə çıxıb.

+100 kq çəki dərəcəsində qüvvəsini sınayan Kokauri Milli Gimnastika Arenasında təşkil olunan çempionata ikinci mərhələdən start verib. Belarus təmsilçisi Vladislav Tsiarpitski və polşalı Matsey Sarnaçkini məğlub edən idmançı 1/4 finala vəsiqə qazanıb. Cüdoçumuz bu mərhələdə çexiyalı Lukaş Kpraleklə qarşılaşıb. 2014-cü ilin dünya, 2016-cı ilin Olimpiya, 2018-ci ilin Avropa çempionu ilə mübarizədə də qalib gələn Uşanqi yarımfinala yüksəlib. Təmsilçimiz finala vəsiqə uğrunda qarşılaşmada özbəkistanlı Bahmurod Oltiboyevlə üz-üzə gəlib. Rəqibini 25 saniyəyə məğlub edən Uşanqi finala yüksəlib. Qızıl medal uğrunda qarşılaşmada onun rəqibi Gürcüstan idmançısı Quram Tuşişvili olub. Bu dəfə məğlub olan təmsilçimiz dünya çempionatını 2-ci pillədə başa vurub.

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

Digər xəbərlər