Qurban Qurbanov: "Azarkeşlərin tənqidinə heç nə deyə bilmərəm" - Video

Qurban Qurbanov: "Azarkeşlərin tənqidinə heç nə deyə bilmərəm" - Video
Futbol, Eksklüziv, Video
30 Avqust 2018 - 23:55
Supersport.Az Avropa Liqasının pley-off mərhələsində "Şerif"i üç qolla mübarizədən kənarlaşdıran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini təqdim edir.


Təcrübəli mütəxəssis ilk olaraq oyunla bağlı açıqlama verib:

- Futbolçularıma təşəkkür etmək istəyirəm. Həqiqətən qələbə qazanmaq üçün sona qədər nümayiş etdirdilər, xarakter göstərdilər. Futbolçularımla fəxr edirəm. Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi, hamımız nəticə haqda düşünürdük. Bu gün çox yaxşı oynadıq, bacardığımızı meydanda etdik. Klub rəhbərliyini, azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Rəqib haqda nəsə danışmağa ehtiyac yoxdur, onlara uğurlar arzu edirəm.

- Komandada mövsümdən öncə köklü dəyişikliklər oldu və boşluqlar olduğu hiss olunur. İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxta ehtiyacınız var?

- Bəli, bu komanda ilə fəxr etmək olar. Ancaq problemlərimiz var. Daha da yaxşı komandamızın olmasını istəyərdik. İstəyirik ki, əlimizdə olan futbolçulardan istifadə edək. Bəlkə də, istədiyim komandanı formalaşdırmamışam. Hər məşqçi güclü komandasının olmasını istəyir. Lakin uzun müddətdir ki, bu komandadan razıyam. İnanıram ki, oyunumuzu daha da artıracağıq.

- Ötən gün müdafiənin etibarlı oyun sərgiləyəcəyini dediniz. Nəyə görə belə arxayın idiniz?

- Kiçik səhvlərimiz oldu. Oyunun ilk dəqiqələrində Bədavi səhv etdi, rəqib bundan istifadə edə bilərdi. Müdafiəçilərimiz bu oyuna çox yaxşı motivasiya olmuşdular. Rəqibi də nəzərə almışdıq. Düşünürəm ki, bütün komanda ilə müdafiə olunduq və hücum etdik.

- Komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Araz Abdullayevlə bağlı danışmışdım. Bundan başqa, yeni transferlər olmayacaq. Bu gün axşam transfer pəncərəsi bağlanır. Yəqin ki, başqa transferlərimiz olmayacaq.

- "Qarabağ" uğursuz oyunlarına görə tənqid olunurdu, xüsusən də Rəşad Sadıqov. Buna cavab vermək niyyətiniz yoxdur?

-Bəzi tənqidləri oxumuşam. Tənqidsiz işləmək olmaz. Sadəcə, belə oyunlardan əvvəl bir qədər tələsirik. Futbolçuların üzərində təzyiq var idi. Azarkeşlərin tənqidinə heç nə deyə bilmərəm. Çünki onlar hər zaman bizim yanımızda olublar. Biz futbolu onlar üçün oynayırıq.

- Qrup mərhələsinin oyunlarını hansı stadionda keçirəcəksiniz?

- UEFA-ya Tofiq Bəhramov adına Respublika Stadionunu təqdim etmişik. Ancaq hər hansı təklif olsa, düşünə bilərik.

- Son vaxtlar yetərincə gərgin qrafikdə işləyirsiniz. Maraqlıdır, necə çatdırırsınız?

- Açığı, yorğunluq olur. Son vaxtlar iş, gərginlik həddindən artıq çoxdu. Bəzən çox yoruluram. Digər tərəfdən, bu komandalar mənə tapşırılıb. Həm milli üçün, həm də "Qarabağ" üçün bütün gücümü ortaya qoyuram. Bundan başqa işimiz də yoxdur. İnanın, evdə də ola bilmirəm, evdəkilər məndən küsürlər. Hər bir halda, yaxşı nəticə əldə etməyə çalışırıq. Sağ olsun, rəhbərliyimiz bəzi hallarda məni başa düşür, güzəştə gedirlər. Hər iki komandamız üçün canımızı qoyuruq və uğur qazanmağa çalışırıq.

Digər xəbərlər