Sənan Qurbanov: "Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək"

Sənan Qurbanov: "Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək"
Futbol
06 Avqust 2018 - 14:37
Supersport.Az-ın məlumatına görə, "Keşlə"ni iki qolla məğlub edən "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov açıqlama verib.

"Yeni mövsüm öncəsi son hazırlıq matçı idi. Son üç gündə keçirilən məşqlərdəki yükləmələrdən sonra futbolçulara düzgün oynamağı tapşırmışdıq. Oyunçuların verilən tapşırığı yerinə yetirdiklərini demək olar. Bizim üçün yaxşı məşq oldu. Həm də Premyer Liqa komandasını tanıdıq. Yeni futbolçularımız gündən günə irəliləyir, inkişaf var. İnkişaf bizi sevindirir".

Qurbanov ilk üç turu buraxmalı olan komandanın kapitanı Cavid Hüseynov barədə danışıb:

"Cavid komandamızın kapitanı, bizim üçün vacib futbolçudur. Onun liderlik keyfiyyətləri bizə çox lazımdır. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək. Üç oyun az deyil. Elvin Camalovla Sabien Lilayın oyunu məni sevindirdi. Hər ikisi verilən tapşırığı yerinə yetirdi".

38 yaşlı məşqçi, Premyer Liqanın I turundakı rəqib və çempionat haqda da fikirlərini bildirib:

"Səbail" yenilənmiş komandadır. Heyətinə yaxşı futbolçular qatıb. Bunlar həm yerli, həm də legioner oyunçulardır. Bu il komandalar heyətini gücləndirib. "Keşlə"ni də qarşılaşmada gördük. Qarşıdakı mövsüm daha sürətli və gərgin çempionat keçəcək".

Digər xəbərlər