"Neftçi" məşhur şirkətlə müqavilə imzaladı

"Neftçi" məşhur şirkətlə müqavilə imzaladı
Futbol
09 İyul 2018 - 22:01
Supersport.Az-ın məlumatına görə, "Neftçi" Peşəkar Futbol Klubu Türkiyənin milli avidaşıyıcısı olan "Türk Hava Yolları" ilə brend əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu gün Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə tərəflər qonaqların və media nümayəndələrinin qarşısında 1 illik müqaviləyə imza atıblar.

Razılaşmaya əsasən bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. "Neftçi” PFK-nın məşq formalarında, klubun sosial şəbəkə hesablarında, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapacaq. Həmçinin paytaxt təmsilçisinin təlim-məşq bazası "Türk Hava Yolları Futbol mərkəzi” adlandırılacaq. Əməkdaşlıq bu il üçün pilot layihə olacaq. Gələcəkdə daha da genişləndiriləcək, "Türk Hava Yolları” Azərbaycanın ən köklü futbol klubunun daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

"Neftçi” PFK-nın prezidenti Kamran Quliyev tədbirdə çıxışı zamanı müqaviləni çox böyük uğur hesab edib: "Neftçi”nin "Türk Hava Yolları” ilə əməkdaşlığı bizim üçün şərəfdir. Qardaş ölkənin dünyada tanınan brendinin "Neftçi”nin inkişafına, ölkədə idmana, futbolun gələcəyinə olan inamın göstəricisidir. Biz də çalışacağıq ki, bu güvəni doğruldaq, müqavilənin şərtlərində göstərilən öhdəlikləri artıqlaması ilə yerinə yetirək. Gələcəkdə Azərbaycan və Türkiyə dövlətlərarası dostluğunun daha bir təzahürü olan bu iki brendin birliyini inkişaf etdirək.

1933-cü ildə yaradılmışhəmin vaxt beş təyyarədən ibarət olan "Türk Hava Yolları” aviaşirkəti hazırda "Star Alliance” beynəlxalq alyansın üzvüdür. Bütün dünyada 304 (255 beynəlxalq və 49 daxili) istiqamət üzrə uçuşlar yerinə yetirən və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4 ulduzlu aviaşirkət Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. İspaniyanın "Barselona”, İngiltərənin "Mançester Yunayted”, Almaniyanın "Borussiya” (Dortmund), Ukraynanın "Şaxtyor” (Donetsk) kimi məşhur klublarına sponsorluq etmiş şirkət hazırda Türkiyənin 4 böyük klubu – "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir.

1937-ci ildə yaradılmış "Neftçi” Peşəkar Futbol Klubu Azərbaycan ilk peşəkar futbol komandasıdır. İlk rəsmi oyununu 1937-ci il mayın 24-də keçirib. 1968-ci ilədək "Neftyanik” adlandırılıb. Klubun bir neçə ləqəbi var, onlardan ən populyar və ən çox işlədilənləri "Neftçilər”, "Flaqman” və "Xalq komandası”dır. Rəngləri "ağ-qara” olan paytaxt təmsilçisi hazırda oyunlarını 11000 tamaşaçı tutumuna malik olan "Bakcell Arena”da keçirir. "Neftçi” PFK 8 dəfə (1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013) ölkə çempionatının, 6 dəfə (1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014) ölkə kubokunun, 2 dəfə isə (1993, 1995) superkubokun qalibi olub. 1966-cı ildə SSRİ çempionatında üçüncü yeri tutub. Paytaxt təmsilçisi 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixində bir ilkə imza atıb. 2008-ci ildə UEFA İntertoto Kuboku turnirinin finalçısı, 2006-cı ildə isə "Birlik Kuboku”nun qalibi olub.

Digər xəbərlər