"Qəbələ" qələbəni qoruya bilmədi

"Qəbələ" qələbəni qoruya bilmədi
Futbol
24 İyun 2018 - 06:06
2018/19 mövsümünə hazırlıqları Sloveniyada davam etdirən "Qəbələ" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Qırmızı-qaralar" Albaniyanın "Kukesi" klubu ilə qarşılaşıb.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda matça aşağıdakı start heyəti ilə başlayıb: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev.

Ehtiyatda isə bu futbolçular yer alıb: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə.

Avrokubokların I təsnifat mərhələsinə hazırlaşan komandaların görüşü qarşılıqlı hücumlarla keçib. Lakin rəqiblər ilk yarıda qol sevinci yaşaya bilməyib. Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. Aqil, Hacıağa və Sabien ikinci hissənin ilk dəqiqələrindən Dmitri, Qismət və Elvinin yerinə meydana çıxıb. Qurbanov ehtiyatda olan digər futbolçuların hamısına ikinci hissənin gedişində meydana çıxmaq şansı verib. Matçdakı qollar da ikinci hissədə vurulub. 79-cu dəqiqədə Albaniya təmsilçisinin qapısına yol tapan Stiven Monroz "Qəbələ"ni hesabda önə çıxarıb – 1:0. "Kukesi" yalnız matça əlavə olunmuş dəqiqədə hesabda tarazlıq yaratmağa müvəffəq olub – 1:1.

Beləliklə, "qırmızı-qaralar" Sloveniya toplanışındakı ilk yoxlama oyunundan qollu sülhlə ayrılıb.

Digər xəbərlər