Eksklüziv: "Qarabağ"dan yeni futbolçusuna 1 milyon manat

Eksklüziv: "Qarabağ"dan yeni futbolçusuna 1 milyon manat
Futbol, Eksklüziv
22 İyun 2018 - 23:00
"Qəbələ" klubu transfer siyasətində əsas rəqiblərindən "Qarabağ"la "Neftçi"yə məğlub olub.

Supersport.Az-ın məlumatına görə, əvvəlcə Filip Ozobiçi razı sala bilməyən Qəbələ təmsilçisi, ardından ölkə çempionatının bombardiri Baqali Dabonu komandada saxlaya bilməyib. Ozobiçi "Qarabağ", Dabonu "Neftçi" heyətinə cəlib edib.

Saytımıza daxil olan xəbərdə bildirilir ki, xorvat futbolçu "Qəbələ"dən illik 270 min manat istəsə də, müsbət cavab almayıb. Lakin "Qarabağ" Filip Ozobiçi razı sala bilib. 27 yaşlı yarımmüdafiəçi Ağdam klubundan illik 350 min manat istəyib. Bununla razılaşan "Qarabağ", xorvat futbolçuyla 3 illik müqavilə imzalayıb. Bu müddətdə Ozobiç altıqat ölkə çempionunda 1 milyon manatdan artıq pul qazanacaq.

"Mladost" klubunun yetirməsi olan xorvat futbolçu, peşəkar karyerasına Rusiyanın "Spartak" (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində "Hayduk" (Split) komandasında davam etdirib. 2013-cü ildə Xorvatiyanın "Slaven" klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə "Qəbələ"yə keçib. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qolla yadda qalıb.

"Qarabağ"ın yeni transferi, Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.

Baqali Daboya gəlincə, əvvəlcə "Qəbələ"ylə 200 min manata razılaşsa da, "Neftçi"nin 250 minlik təklifindən sonra paytaxt klubunu seçib.

Digər xəbərlər