Abdulbari Gözəl: "Çempionlar Liqasında irəli getməyə məcburuq" - Video

Abdulbari Gözəl: "Çempionlar Liqasında irəli getməyə məcburuq" - Video
Futbol, Video
22 May 2018 - 19:48
Supersport.Az ardıcıl beş dəfə ölkə çempionu "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin fikirlərini videogörüntüyə alıb.




"İlk gündən "Qarabağ"a dəstək verdik. Adı, ruhu üçün dəstək verdik. Məqsədimiz "Qarabağ"ı tanıtmaqdır. Bu komanda ilə çempion olduq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bunların hamısını bacara bildik. "Qarabağ"ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu. Buna görə çox sevinirik. Azərbaycan xalqı da komandamızı çox dəstəklədi. Şirkət olaraq da əziyyət çəkən, zəif təbəqənin yanındayıq. İnsanları işlə təmin edirik. Bəzən deyirlər ki, "Azersun" fəhlə şirkətidir. Bu, bir həqiqətdir. Xeyli insanın əməyini bir araya gətirib, onlara rəhbərlik edirik. Sevinirik ki, ardıcıl 5-ci ildir çempion oluruq. Çempionatın səviyyəsi artıb" deyən klub rəhbəri, Çempionlar Liqasında yenidən uğur qazanmağın müşkül olacağını bildirib:

"Bu mövsüm işimiz çox çətindir. Çünki Avropanın ən güclülərinə Çempionlar Liqasının təsnifat mərhələlərində rəqib olacağıq. Ona uyğun da hazırlıqlar görəcəyik. Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandır. Biz ona hər cür səlahiyyəti vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik".


"Yeni transferlər olacaqmı" sualına A.Gözəlin cavabı konkret olub:

"Mütləq! Bir neçə gün səbirli olsanız, görəcəksiniz".

"Qarabağ"ın prezidenti Avropanın transfer bazarında qiymətlərin qalxmasının klubun siyasətinə təsir edəcəyini söyləyib:

"Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindir. Onlar illərin klublarıdı, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropa klubları kimi olacağıq.

"Bəs qoyduğunuz vəsaitin Avropadan sizə gəlir gətirəcəyini nəzərə almısınız" sualını cavabında A.Gözəl, "Əlbəttə, bunu nəzərə alırıq. Çünki avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdır. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk" deyib.




Digər xəbərlər