Qurban Qurbanov: "Futbolçular uğurlardan çaşmamalıdır" - Video

Qurban Qurbanov: "Futbolçular uğurlardan çaşmamalıdır" - Video
Futbol, Eksklüziv, Video
23 Aprel 2018 - 01:33
Supersport.Az, Azərbaycan Premyer Liqasının 24-cü turunda "Sumqayıt"ı məğlub edərək  6-cı dəfə çempion olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərindən bəzi məqamları videogörüntüyə alıb.

46 yaşlı mütəxəssis komandasına qiymət verib, futbolçulara ismarıc göndərib:

"Futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudur. Çətin oyun oldu. Bilirdik ki, "Sumqayıt" bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, ancaq bu da normaldır. Samir Abbasov və komandasına uğurlar arzulayıram.

Bundan sonrakı oyunlara da tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa, istirahətə ehtiyacı var.

Futbolçularımın bəziləri neçə illərdir ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək, uğurlardan sonra çaşmaq ehtimallarıdır. Səviyyəsindən asılı olmayaraq, bütün çempionluqlar hamı üçün şirindir. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk eləsə, inanmıram ki, neqativ nəsə hal yaşansın. Daha əvvəl də bu cür situasiya ilə qarşılaşmışıq".

Məşqçi, müxbirimizin "Ardıcıl 5-ci çemponluğu qazanan komandanıza əla qiymət vermək olar" sualını belə cavablandırıb: "5-dən artıq qiymət verməyəcəm".

Süleyman Kərimov

Digər xəbərlər