Roman Qriqorçukdan ayrılıq siqnalı

Roman Qriqorçukdan ayrılıq siqnalı
Futbol
10 Aprel 2018 - 20:28
Supersport.Az-ın məlumatına görə, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdıra bilər.

Ukraynalı mütəxəssis, sportacentrs.com saytına açıqlamasında ötən il Latviya yığmasından təklif aldığını təsdiq edib:

"Keçən il Latviya Futbol Federasiyasından təklif gəlmişdi. Ancaq danışıqlar konkret məcraya keçmədi".

Qriqorçuk hazırda belə təklif olmadığını deyib:

"Latviya ilə bağlı yaxşı xatirələrim var. Bu yaxınlarda yubileyi olan keçmiş komandam "Ventspils" klubunu təbrik edirəm".

Vaxtilə Qriqorçukun rəhbərliyi altında "Ventspils"də oynamış Kaspar Qorkş Latviya Futbol Federasiyasının prezidenti postuna namizədlər arasındadır.

O, Qorkş haqqında müsbət fikirlər səsləndirib:

"Kasparla bağlı xoş xatirələrim var. Bu cür güclü, mədəni, inkişaf edən və dərrakəli futbolçu ilə işlədiyim üçün ona minnətdaram. Onun namizədliyini dəstəkləyirəm. Bu adamın böyük işlər görə biləcəyini bilirəm. Kaspar prezident seçilsə, ondan zəng gözləyəcəyəmmi? O, istənilən vaxt mənə zəng edə bilər. Onunla danışmağa şad olaram. Ehtiyac olsa, hər zaman ona kömək edərəm".

Latviya Futbol Federasiyasına yeni prezident seçkisi aprelin 27-də keçiriləcək. Kaspar Qorkşla yanaşı, Vadim Laşenko və Krişyanis Klyavinş bu posta namizəddir.

Xatırladaq ki, milli komandamız iyunun 9-da Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Digər xəbərlər