"Neftçi" indiki Suriyanı xatırladır"

"Neftçi" indiki Suriyanı xatırladır"
Futbol, Tribuna
18 Fevral 2018 - 16:45
"Neftçi" rekordlar qırmaqda davam edir. Nəticə qazanmaq rekordları deyil, rəhbər, məşqçi, yerli, legoiner futbolçuların gətirilməsi, dəyişdirilməsi rekordlarını. Dördüncü mövsümdür artıq davam edir. Sonu hələ ki, bilinmir...
Son aylar azarkeşlərə hörmət əlaməti olaraq "Neftçi" ilə bağlı yazılara çox yer ayırmadım. Söz verildiyi kimi ümidlə qış fasiləsindən sonra istədikləri komandanı görmək arzusunda idilər. Psixoloji olaraq fanatların ümidini, ruhunu əllərindən almaq olmazdı...
Reallıqda isə indiki "Neftçi"lilər quruculuqla məşğul olmaq əvəzinə klubdan, dörd bir tərəfdən "işləməyə imkan vermirlər", "büdcə yoxdur" şaiyələri ilə fanatları, ictimaiyyəti aldadırdılar. Hədəf yenə də bizlər idik. Daha doğrusu qazanılan çempionluq, kubokların ağırlığı, təzyiqi. Bilirdilər, bilirdilər ki, yerlərində deyillər, bunun altından çıxa bilməyəcəklər. Futbol bir tərəfə, bumeranq fəlsəfəsini də mənimsəməkdə çətinlik çəkirlər. Digər mənimsəmələr imkan vermir...
Yeni prezident dünən meydandan qalib ayrılan "Sumqayıt"la "Neftçi"nin büdcəsinin fərqini, nüfuzunu əyani görür artıq...
"Neftçi" böyük klubdur. Gələnlər bilməlidir hara gəlirlər. Xidməti maşınlarda gəzə-gəzə, mühafizəçilərin ətrafında ola-ola, "paçka"larla "paket"lər ala-ala kimdən çəkinir, qorxurlar?!
Əllərini, ayaqlarını bağlayan yox idi. Əksinə, çox əl-ayaq açılıb. Cəzasızlıq, məsuliyyətsizlik, "Neftçi" mahiyyətini dərk etməmək pik həddə çatıb.
Gecə-gündüz ətrafa şikayət edərək "azarkeşlər öyrədilir, ayağa qaldırılır" dedi-qoduları ilə "Neftçi" idarə olunmur, dəyərli dostlar. Bu lap "dünyada demokratiya boğulur" pərdəsi altında ətrafa "demokratiya" oyunlarını sırıyanların metobuna bənzəyir. Oyunu yaşıl meydanda oynamaq, "Neftçi" adına qələbələr, uğurlar qazanmaq lazımdır. Onu da ki, bacarmırsız. Bacardığnız futbol oyunu deyil, oyunbazlıqdır...
Texnik-tərəqqi əsrində yaşayırıq. İctimaiyyət, azarkeşlər futbolu "Neftçi"ni idarə edənlərdən qat-qat yaxşı bilir, anlayır. "Ağ-qara"lılar ağı qaradan seçməyi gözəl bacarırlar...
Son illər "Neftçi" ətrafında gedən olayların kökü haralardan qaynaqlandığını artıq hər kəs görür. Meydanda futbol əvəzinə açıq "kart" oynanılır. Başqa yolları da qalmayıb. Son həmlələrdir. Arsenalda olan bütün ehtiyat qüvvələr döyüşə atılıb. Tükənirlər. "General"lar "bunker"lərindən çıxmağa məcburdurlar...
"Neftçi" isə batmaqda davam edir. Heç futbolu, tarixi klubu, nəticələri düşünmürlər də. Heç vaxt da düşünməyiblər. Əsas xalq, futbol deyil, yeni "ərazi"lərin zəbt olunması və ya ən pis halda əldən çıxmamasıdır...
"Neftçi" indiki Suriyanı xatırladır. Rəqiblər top atəşinə tutur, İnhisarçılar pay bölgüsü aparır, azarkeşlər əzilir, meydanın yaşıl ötüyü dözə bilmir, od-alov tutub yanır, saralır. Tarixi "Neftçi" Suriyanın tarixi abidələri kimi viranə salınır.
"Neftçi" xalqdan qoparılıb. Sizlər
"Neftçi"ni əzdikcə "Neftçi" nüfuzu da sizləri əzir, məhv edir. ..
Suriya, İraq çayları kimi sular hələ durulmayıb...
"Neftçi"nin tək yolu "xalq komandası" kimi xalqa arxalanması olmalıdır. Əks halda Səddam Hüseynin aqibətini yaşayıb, ən yaxşı halda Bəşər Əsədin marianet rəhbərliyi olaraq xalqı qırğına verib günlər uzadıla, "Neftçi" məhv olunmaqda davam edilə bilər...
"Neftçi" ruhu-xalqın ruhudur.
Xalqla bir olanlar isə heç vaxt məğlub olmurlar!

Tahir Süleymanov

 

Digər xəbərlər