"Qəbələ"nin futbolçusu: "Məşqlər ağır keçmir"

"Qəbələ"nin futbolçusu: "Məşqlər ağır keçmir"
Futbol
07 Yanvar 2018 - 19:16
"Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

"Qırmızı-qaralar"ın təcrübəli yarımmüdafiəçisi Asif Məmmədov toplanışın ilk günlərini gabalafc.az-a açıqlamasında dəyərləndirib. O, hazırlığın bəhrəsini vacib və çətin matçlarda görəcəklərini bildirib:

"Hazırlıq prosesinin iki günü arxada qalıb. Toplanışın ilk günləri ağır olur. Bu da həmişə olan haldır. Çünki komanda istirahətdən dönüb. Düşünürəm ki, getdikcə hər şey qaydasına düşəcək. Bir az çalışıb, yoxlama oyunları keçirdikdən sonra komandanın fiziki durumu yüksəlib, öz əvvəlki vəziyyətinə çatacaq. Bu üzdən də yaxşı hazırlaşmalıyıq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Məşqlərin o qədər də ağır keçdiyini demək olmaz. Baş məşqçi də hər şeyi nəzərə alıb, yükləmələri tədricən artırır. Ağır məşqlərin olması təbiidir. Belə ağır məşqlər olmalıdır ki, sonra özümüzü daha yaxşı, daha rahat hiss edək".

Mövsümün arxada qalan ilk yarısını da dəyərləndirən Məmmədov, Azərbaycan Premyer Liqası və ölkə kubokundakı çıxışı da müsbət hesab edib:

"Mövsümün arxada qalan hissəsindəki çıxışımızı yaxşı hesab edirəm. Düzdür, bəzi oyunlarda uduzmamalı olduğumuz halda məğlubiyyətlə üzləşdik. Amma futbolda belə hallar olur. Ümumilikdə, ilk iki dövrədəki çıxışımız normal sayılır. Həm kubokda mübarizəni davam etdiririk, həm də çempionatda şanslarımızı qoruyuruq".

Digər xəbərlər