Tahir Gözəl: "Həmin oyun yadımdan çıxmır, ürəyim ağrıyır"

Tahir Gözəl: "Həmin oyun yadımdan çıxmır, ürəyim ağrıyır"
Futbol
06 Dekabr 2017 - 07:00
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Roma"yla oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox gözəl oyun alındı. Baxmayaraq ki, müdafiədə əsas oyunçularımız oynamırdı. Amma klubumu təbrik edirəm, çox yaxşı oyun nümayiş etdirdilər. Böyük komandaya qarşı oynayırdıq. Amma müdafiəçilərimiz işlərinin öhdəsindən layiqincə gəldilər. Bildiyimiz kimi, qrupumuzda "Atletiko" "Çelsi"dən xal aldı və "Roma" "Qarabağ"a qalib gəlməklə qrup lideri oldu. Belə deyək, kimin hansı pillədə qərarlaşmasına "Qarabağ" qərar verdi. Əlbəttə, hansısa böyük klubun "Qarabağ"ın oyununun nəticəsini gözləməsi bizim üçün sevincli haldı. "Roma"dan xal almaq istəsək də, alınmadı.


- "Qarabağ" qrup mərhələsində 6 oyun keçirdi. Komandanın Çempionlar Liqasında çıxışını necə dəyərləndirirsiniz?

- "Çelsi" ilə ilk oyuna mən də daxil olmaqla, komanda şəkilində böyük həyəcanla çıxmışdıq. Çünki birinci oyun idi, böyük sınaq qarşısında idik. O oyunda böyük hesabla məğlub olsaq da, bunu normal qəbul etmək olar. "Atletiko" ilə hər iki oyundan razı qaldım. "Roma" ilə Bakıdakı oyundan sonra komandaya təşəkkkür etdim, əla görüş alınmışdı. Belə deyim, "Çelsi" ilə Bakıdakı oyun həyatımın ən ağır matçı idi. Hələ də yadımdan çıxmır, ürəyim ağrıyır. Çünki hakimin Rəşad Sadıqova qırmızı vərəqə verməsi doğru qərar deyildi. Amma biz çarəsizik. Ümumiyyətlə, qrup oyunlarında çox qırmızı vərəqə aldıq. Etirazım yoxdur, amma mübahisəli qərarlara baxmaq gərəkdir.

- "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Ümumiyyətlə, komandanın bu mərhələdə xal qazanacağını gözləyirdiniz?

- Əlbəttə. Siz rəqiblərimizin səviyyəsinə baxın. Sözsüz ki, "Qarabağ" tarix yazdı. Əsas hədəfimiz "Qarabağ"ın adını dünyaya tanıtmaq idi. Futbolsevərlər artıq "Qarabağ" adına hörmət edirlər. Bu, böyük bir uğurdur.

Digər xəbərlər